Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.
"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarda qeydə alınıb.
Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Belə ki, toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.
Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayiət olunub. K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.
Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.
Mövzu ilə bağlı restoranın meneceri Elnur Eyvazov Teleqraf-ın suallarını cavablandırarkən deyib ki, insident Kəmalə Günəşli ilə oğluna kiçik toy mərasimi təşkil edən Vəfa Mikayılova adlı xanım arasında yaşanıb.
“Hadisə bizim restoranda baş verib. Kiçik toy mərasiminə ifaçını Vəfa Mikayılovanın özü dəvət edib. Müğənninin restorana dəvətinin bizə aidiyyəti yoxdur, yəni, bizim vasitəçiliyimiz olmayıb.
Ötən gün təxminən saat 22:30-da mənə zəng etdilər ki, müğənni ilə Vəfa Mikayılova arasında mübahisə baş verib. Hadisə yerinə polis gəldi, o zaman hər iki tərəf sakitləşmişdi. Məclis sahibi müğənnini şikayət etdi”,- deyə menecer bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı Ajans.az saytı yayıb.