“Quru sərhədlərin uzun müddət bağlı qalması bir sıra sahələrə, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
Deputat qeyd edib ki, quru sərhədlərin uzun müddət bağlı qalması Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahət imkanlarını da məhdudlaşdırır:
“Quru sərhədlərin bağlı qalması xüsusilə Gürcüstandakı Borçalı bölgəsində yaşayan soydaşlarımızın Azərbaycana gediş-gəlişini məhdudlaşdırır. Bu istiqamətdə hərəkət yalnız hava nəqliyyatı vasitəsilə mümkündür ki, bu da bir çox insanlar üçün əlçatan deyil. Eyni problem Rusiyada və digər qonşu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının da hərəkət imkanlarında əngəl yaradır”, – deputat “Modern.az”a bildirib.
Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Ölkədə ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib.
Quru sərhədlərin bağlı saxlanılması əvvəlcə koronavirus pandemiyası ilə əlaqələndirilirdi. Həmin vaxt bir çox dünya ölkələri də öz sərhədlərində müxtəlif məhdudiyyətlər tətbiq etmişdilər. Sonradan pandemiya zəiflədikcə dünyanın, demək olar ki, bütün ölkələri karantin qaydalarını ləğv etdilər.
Azərbaycanda isə 5 ildən çoxdur ki, quru sərhədləri bağlı saxlanılır. Sonuncu dəfə bu il martın 18-də Baş nazir Əli Əsədovun qərarı ilə karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından vacib olduğunu bildirib, bunun son illərdə Azərbaycanı böyük fəlakətlərdən xilas etdiyini iddia edib.