“İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin guya Zəngəzur dəhlizinin açılmasına onların imkan vermədiyini deməsi və bu dəhliz açılacağı təqdirdə İranın Avropaya çıxışının bağlanacağı haqda söylədikləri qeyri-ciddidir. Vilayəti o məsələdə haqlıdır ki, farslar və ermənilər mənşə baxımından bir-birinə daha yaxındırlar”.
Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Seyid Əli Xamnəinin müşaviri Əli Əkbər Vilayətinin fikirlərini şərh edərkən deyib.
Professorun sözlərinə görə, cənab Vilayəti bir zamanlar İranın Xarici işlər naziri olub və ölkəsinin Avropaya çıxışından danışarkən tarixə baxmalıdır.
“Zəngəzur dəhlizi mövcud olduğu dövrlərdə də İranın Avropa ilə əlaqəsi, quru yolu olmayıb, indi də yoxdur. Ermənistan özü Gürcüstan vasitəsilə Avropaya çıxış əldə edir. Yəni nə əvvəl, nə də indi İranın Avropaya çıxışı Ermənistan üzərindən olmayıb. Əgər Vilayəti Avropaya çıxışlarından narahatdırsa, Türkiyə ilə əlaqələri yüksək səviyyədə qursunlar. Çünki Avropaya ilə birbaşa əlaqə Türkiyə üzərindən mümkündür”,- deyə C. Nuriyev əlavə edib.
Professor iddia edir ki, İran faktiki olaraq Ermənistanı satıb:
“Azərbaycan ayrılmaz ərazisi olan Naxçıvanla yerüstü əlaqəni gücləndirməyə çalışır. Zəngəzur dəhlizi həm də bu baxımdan önəmlidir. Lakin Ermənistan bu məsələni gecikdirdi, Azərbaycan isə Naxçıvanla quru əlaqəni gücləndirmək məqsədilə İranla razılaşdı, körpü salınır, yol düzəldilir və s. Güman edirəm ki, Zəngəzur dəhlizi açıldıqda belə, bu, İrana problem yaratmayacaq”.
C. Nuriyev xatırladıb ki, Ermənistan bir dövlət kimi 1918-ci ildə yaradılıb və buna qədər indiki Ermənistan əraziləri Azərbaycana məxusus olub.
Müsahibimiz məlumatına görə, hazırda Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızla bağlı ciddi araşdırma aparır:
“Aydındır ki, yalnız İrəvan şəhəri Azərbaycanın razılığı ilə Ermənistana verilib. Ancaq Zəngəzur və Dərələyəzin Ermənistana verilməsində Azərbaycanın razılığı olmayıb, bu əraziləri Rusiya verib. Bunun da hüquqi qüvvəsi yoxdur. Zamanında bu ərazilər Naxçıvan vilayətinin tabeliyində olub və bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.