Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci ilin aprel ayında elan edilmiş üç tender müsabiqəsi nəzarət orqanının qərarı əsasında ləğv olunub.
FED.azxəbər verir ki, hər üç tender “yenidən keçirilsin” qeydi ilə qərar qəbul edilib.
Ləğv edilən tenderlərdən biri Ağdam rayonunun Quzanlı qəsəbəsində, daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmirini əhatə edirdi. Bu layihənin ehtimal olunan dəyəri 205.000 manat idi və müsabiqə 16 aprel 2025-ci il tarixində saat 11:07-də dərc olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı 8 may 2025-ci il saat 17:00-da baş tutmalı idi.
Digər bir tender isə Ağdam rayonu ərazisində yerləşən abidələrin abadlaşdırılması işlərini nəzərdə tuturdu. Bu tender də eyni məbləğlə – 205.000 manatla planlaşdırılmış, 16 aprel 2025-ci il tarixində saat 12:56-da dərc edilmişdi. Təkliflərin qəbulu və zərflərin açılması da əvvəlki tenderlə eyni tarixə – 8 may saat 17:00-a təyin edilmişdi.
Ləğv edilən üçüncü tender isə Quzanlı qəsəbəsində yerləşən qeyri-yaşayış binasının əsaslı təmiri ilə bağlı idi. Bu tender də 205.000 manat dəyərində qiymətləndirilmiş və 16 aprel saat 15:20-də elan olunmuşdu. Təklif və zərf mərhələləri bu tenderdə də 8 may tarixində həyata keçirilməli idi.
Hər üç tender üzrə eyni tarixdə elan və eyni tarixdə zərf açılışı planlaşdırılmışdı. Maraqlısı odur ki, layihələrin hər biri üçün ayrılan ehtimal olunan büdcə də eyni idi – 205.000 manat. Bu uyğunluqlar və eyni səbəblə ləğv olunmaları tender prosesində hansısa uyğunsuzluq və ya çatışmazlığın olduğunu göstərir. Nəzarət orqanının qərarı ilə bu müsabiqələrin təkrar keçirilməsi nəzərdə tutulur.