ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər İranın nüvə proqramı və Qəzza zolağı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
“Bəli, biz bir çox məsələləri müzakirə etdik və hər şey çox yaxşı, rəvan keçdi. Nə baş verəcəyini görəcəyik. Bilirsiniz, İranla bağlı nəsə etməyə çalışırıq”, – deyə Tramp açıqlamasında bildirib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ və İran arasında nüvə danışıqları davam edir və yaxın vaxtlarda növbəti raundun keçirilməsi gözlənilir:
“Danışıqların bu mərhələsində İran İsrailin nüvə texnologiyaları ilə bağlı sənədlərini ələ keçirdiyini iddia edib. Bu isə İsraildə ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahu İrana qarşı mümkün hərbi zərbələrdə maraqlıdır və bu istiqamətdə simulyasiya təlimləri keçirir.
Digər tərəfdən, İran da İsrailin nüvə silahından imtina etməsi şərtini irəli sürür. Bu isə danışıqlar prosesində irəliləyişə mane olur. Dünənki Tramp–Netanyahu telefon danışığında İrana mümkün zərbələrin müzakirə olunduğu ehtimal edilir. Lakin Tramp açıq şəkildə diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, danışıqların uğurla nəticələnməsi real görünmür”.
Məhəmməd Əsədullazadə
Politoloqun fikrincə, İranın hərbi hədəfə çevrilməsi Azərbaycan üçün arzuolunan ssenari deyil:
“Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. İran öz nüvə ambisiyalarından əl çəksə, regionda sabitlik bərpa oluna bilər. Hazırda görünən odur ki, İran nüvə silahı əldə etməyə çalışır. Əgər bu baş verərsə, İsrailin İrana hərbi hücum ehtimalı ciddi şəkildə gündəmə gələ bilər”.