Ermənistan fraksiyası Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 28 imza təqdim edəcək. Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzasını uyğun müddətdə təmin etməyə hazır olduğunu bəyan edib. Deputat Kristine Vardanyan sosial şəbəkələrdə bildirib ki, onlar "Şərəfim var" fraksiyasından olan həmkarları ilə də müzakirələrə hazırdırlar. İki müxalif fraksiyanın tərkibinə 34 deputat daxildir. Ermənistan qanunvericiliyinə əsasən, impiçment prosesinin başlanması üçün təşəbbüskarlar baş nazir vəzifəsinə öz namizədlərini təklif etməlidirlər. Müraciətə 36 imza olduqda baxıla bilər. Hökumət başçısına etimadsızlıq bildirmək üçün 107 deputatdan ən azı 54-ü impiçmentin lehinə səs verməlidir. Daha əvvəl müxalif "Şərəfim var" fraksiyası ölkənin baş naziri vəzifəsinə Masis icmasının başçısı David Ambartsumyanın namizədliyini irəli sürüb. Lakin dörd müstəqil deputatdan ikisi artıq bu namizədə qarşı olduqlarını bəyan edib.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan siyasi elitasının şəxsi maraqlar üzərindən hərəkət etdiyi şübhəsizdir. Siyasi şərhçi vurğulayıb ki, ilk növbədə Paşinyanın revanşist siyasətçilərə qarşı demarşı özünün fiziki məhv edilməsinin qarşısını almaq üçündür:
"Paşinyan bundan qorxduğu üçün daim ikibaşlı oyun aparıb. Rusiya və Qərb arasında balans məqsədi güdən siyasət yürüdüb, son anda Rusiyanı qıcıqlandırmamaq üçün manevrlər edib. Rusiyaya da Paşinyan sərf edib. Bu məqsədlə ki, Paşinyanın erməni cəmiyyətini Qərbə inteqrasiyaya aparması son nəticə etibarı ilə Rusiyanın əlinə Ermənistana müdaxilə bəhanəsi verəcək. Rusiya tərəfindən bu xəbərdarlıqlar dəfələrlə təkrarlanır. Rusiya təbii ki, istədiyi vaxt Paşinyanı hansısa yolla, xüsusən də, fiziki yolla aradan götürə bilər. Paşinyanı ABŞ xüsusi təyinatlılarının qoruduğu da gələn xəbərlər arasında olub. Revanşist ruspərəst siyasi elita isə həmişə Rusiyaya stavka edib və birbaşa Rusiyanın adamları olub. Rusiyanın başının qarışdığı bir zamanda hələlik guya sivil yollarla, yəni impiçment yolu ilə Paşinyanın hakimiyyətdən əl çəkdirilməsi mümkün deyil. Bu, sadəcə gərginlik üçün bir vasitədir. Rusiyanın başı açılana kimi vaxt qazanmaq cəhdidir. Seçkilər yaxınlaşdıqca gərginliyin artması da hər iki tərəf üçün hakimiyyətə gəlməyə köməkdir".
A.Qasımov əlavə edib ki, Paşinyan bundan erməni toplumunu yeni müharibə qorxusu ilə öz tərəfinə çəkməyə çalışacaq:
"Revanşistlərin isə əllərində güclü kozırları yoxdur. Erməni toplumunun gözü müharibədən qorxub. Revanşistlərin hakimiyyətə gəlməsi isə geriyə, müharibə illərinə qayıtmaq deməkdir. Amma bu dəfə bilavasitə Ermənistan adlanan tərəfdə... Ona görə də hesab edirəm ki, Rusiyanın bilavasitə müdaxiləsi olmadan Paşinyanın hakimiyyətdən getməsi mümkün deyil. Paşinyan ölkədaxili qarşıdurmaya gedər, amma hakimiyyəti onlara verməz".