25 dekabr 2024-cü il tarixində Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında həmin ölkənin hərbi qüvvələri tərəfindən vurulması nəticəsində baş vermiş məlum faciədən sonra xeyli kəskinləşən Azərbaycan-Rusiya münasibətləri bu ilin fevral ayında bir az yumşaldı, lakin Moskvadakı 9 may paradı ərəfəsində bir yandan rəsmi səfərlər vasitəsilə müəyyən yaxınlıq yaransa da, digər yandan bəzi Duma üzvləri, həmçinin Rusiya telekanalları və saytları, eləcə də Kremlin bəzi təbliğatçıları tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili şər-böhtan kampaniyası başladıldı. Bu və ya digər səbəblərdən prezident İlham Əliyev 9 may paradına yollanmadı. Görəsən, Azərbaycan-Rusiya münasibətlərindəki bu kəskin soyuma nə vaxta qədər davam edəcək?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı aşağıdakıları söyləyib:
“Məlumdur ki, Rusiya regionda diktat mövqeyi seçibdir. Təzyiq etməklə, güc tətbiq etməklə region dövlətlərini özündən asılı vəziyyətdə saxlamağa çalışır, əvvəlki durumu bərpa etməyə cəhd göstərir. Müəyyən zaman kəsimində Rusiya xeyli dərəcədə güclü idi və xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsindən yararlanaraq Cənubi Qafqazı da təsir dairəsində saxlayırdı. Lakin İkinci Qarabağ savaşındakı qələbələrdən sonra Azərbaycan tam şəkildə müstəqil, sərbəst siyasət yeritməyə başladı. Bu da təbii ki, Rusiyanın xoşuna gəlmir və bu ölkə başqa bir forma bilmir, ənənəvi təzyiq formalarından istifadə edir. Azərbaycanın sərnişin təyyarəsinin vurulması, ölkəmizin rəsmi internet resurslarına kiber-hücumların təşkili və son olaraq Azərbaycan deputatının Rusiyadan deport olunması – bunlar hamısı təzyiq formalarıdır. Azərbaycan da cavab olaraq öz mövqeyini qəti şəkildə ortaya qoydu və açıq şəkildə bildirdi ki, heç bir diktatdan, təzyiqdən söhbət gedə bilməz. Azərbaycan digər ölkələrlə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq etməyə hazırdır. Hətta Ermənistanla da müəyyən münasibətləri qaydaya salmağa hazır görünür. Lakin onunla diktat, təzyiq dilində danışmağa çalışanlara dövlətimiz sərt şəkildə cavab verir. Rusiya ilə də münasibətlər eyni prinsiplər əsasında qurulur. Yəni Azərbaycanın dövlət maraqları tələb edəndə Rusiya ilə müəyyən iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıq edilir. Amma əksinə, hansısa problem, hadisə ilə bağlı sərt reaksiya tələb olunursa, Azərbaycan bu şəkildə davranır. Dövlət başçısının 9 may paradına getməməsi də bir növ Rusiyanın ölkəmizə qarşı bir sıra yanlış addımlarına cavab olaraq bir siyasi demarş oldu. Xüsusilə də İlham Əliyevin mayın 9-da Moskva əvəzinə işğaldan azad edilmiş torpaqlara Şuşaya, Xankəndinə, Ağdama yollanmasının özü də xüsusi mesaj idi. Eyni zamanda Prezident Qarabağa səfəri zamanı etdiyi çıxışlarla da müəyyən ciddi mesajlar çatdırdı...
Amma bütün bunlarla belə, hesab etmək olar ki, Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdəki maraqların kəsişmə nöqtələri olduğundan hər iki tərəf normal münasibətlərdə maraqlıdır. Odur ki, bu cür hadisələrlə bağlı müəyyən dövrdə münasibətlər səngisə də, sonradan qarşılıqlı maraqlar münasibətləri yenə də normal məcraya qaytarmağa sövq edir. Hazırda da Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə müəyyən problemlər olmasına rəğmən iqtisadi və s. sahələrdə bir sıra layihələrin icrası davam etdirilir. Odur ki, gec-tez siyasi münasibətlərin də normallaşmağa gedəcəyi gözləniləndir..."