"Azərbaycan tezliklə "İbrahim sazişləri"nə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır". Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.
Azərbaycan İbrahim Sazişlərinə qoşula bilərmi?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail ilə Azərbaycan arasında “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil, yəni mümkündür.
“Əslində bu ərəb ölkələri ilə İsrail arasında bağlanıb. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan artıq İsrail anlaşma imzalayıb. Səudiyyə Ərəbistanı da bağlayacaq”-deyən Samir Hümbətov qeyd edib ki, son anda baş verən Həmas-İsrail qarşıdurması nəticə etibarilə prosesləri kökündən dəyişdi və hələ ki, bu məsələ bir az sual altına düşdü.
Politoloqun fikrincə, Azərbaycanın bunu imzalanması elə də çətin bir məsələ deyil.
“Buna Amerika tərəfi də normal baxır. İsrail ilə Azərbaycan arasında onsuz da münasibətlər yaxşıdır. Amma bir məsələ var ki, Ermənistan bura qoşula biləcəkmi? Bunun özü bir sualdır. Yəni Azərbaycan Ermənistanla nə dərəcədə bir araya gələ bilər? Ermənistan var, biz də varıq. Bu məsələ də var”-deyə Samir Hümbətov bildirib.