Rusiya Azərbaycan və digər postsovet ölkələrinin vətəndaşlarını aldadaraq Tatarıstandakı hərbi zavodda "Şahed" dronlarını yığdırır
"DİA-AZ" xəbər verir ki, bu barədə "Baku TV" kanalının hazırladığı materialı Ukraynanın "UNİAN" portalı da yayıb.
Azərbaycanlı jurnalistlərin aydınlaşdırdığına görə, Rusiya onlayn reklam kampaniyasına başlayıb və bu kampaniya çərçivəsində MDB ölkələrinin vətəndaşlarına “Alabuqa” xüsusi iqtisadi zonasında “Alabuqa Start” proqramı çərçivəsində Tatarıstanda işləmək təklif olunur.
“Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edir. Guya hər şey qaydasındadır... Lakin insanlar perspektivli qazanc əldə etmək ümidi ilə orada işə düzəlir, bu zonaya köçür və sonda elanda deyilənlərdən fərqli bir işə cəlb olunurlar”, - materialda deyilir.
Jurnalistlərin qeyd etdiyi kimi, ruslar 22 yaşdan aşağı əcnəbi gəncləri işə cəlb edirlər. Əraziyə çatan kimi onlar "Şahed-136" kamikadze dronlarını yığmalı olduqlarını öyrənirlər. Belə bir müəssisədə işləməkdən imtina edənləri isə şantaj edir və qorxudurlar.
"Sənədlərin əllərindən alınması, hətta fiziki zorakılıq halları da olub", - deyə məlumatda bildirilir.
Tatarıstandakı "Şahed" zavodu haqda məlum olanlar...
Rusiya 2022-ci ilin payızında İranın "Şahed-136" pilotsuz təyyarələrindən fəal şəkildə istifadə etməyə başlayıb və artıq 2023-cü ildə Tatarıstanın "Alabuqa" xüsusi iqtisadi zonasında bu dronların Rusiyanın özündə yığılması üçün zavod tikilib. Əvvəlcə yerli texnikumun tələbələri zavodda işləməyə məcbur ediliblər. Sonradan məlum olub ki, Rusiya əcnəbiləri, o cümlədən Afrika və Asiyadan gələnləri aldadaraq fəal şəkildə bu zavodda işə cəlb edir.
2024-cü ilin aprelində Ukraynanın uzun mənzilli kamikadze dronları zavoda ilk dəfə hücum edib. Lakin bu o qədər də effekt verməyib və ilin sonuna qədər zavod istehsalı xeyli artırıb.