Bakı şəhərində insanların həyatını asanlaşdırmaq, təhlükəsizliyini təmin etmək məqsədilə istifadəyə verilən yeraltı keçidlərdə eskalatorlar çox vaxt işləmir. Normal pilləkənləri olmayan keçidlərdə işləməyən eskalatorlardan istifadə etmək ayrıca bir məşəqqətə çevrilir.
Məsələn, Heydər Əliyev Sarayının arxası, “Qış parkı”, Mərkəzi Bank istiqamətində olan yeraltı keçidlərdə olan eskalatorlar ilin çox hissəsini işlək vəziyyətdə olmur. Kifayət qədər insanın istifadə etdiyi eskalatorlar siqaret və digər tullantıların altında itib-batır. Şəhərin mərkəzi hissələrində yaranan mənzərə insanları narahat etsə də, əlaqədar qurumlar sadəcə vəd verir.
TNS eskalatorların hansı səbəbdən işləmədiyi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərib. Qurumun mətbuat katibi Anar Nəcəfli saytımıza bildirib ki, Heydər Əliyev Sarayının arxası, “Qış parkı” tərəfində olan yeraltı keçidlər AAYDA-nın balansında deyil.
Mərkəzi Bank istiqamətində olan yeraltı keçidlərdəki eskalatorların isə ehtiyat hissələrinin sifariş verildiyi bildirilib: “Ehtiyat hissələri xaricdən gələn kimi eskalatorlar işlək vəziyyətə gətiriləcək”.
İşləməyən eskalatorların hansı səbəbdən külqabı kimi istifadə edildiyi isə məlum deyil. Bu məsələdə müvafiq qurumlarla yanaşı, vətəndaşların da günahı oduğu açıq-aydın ortadadır. Həmin mənzərəni əks etdirən fotoları təqdim edirik.