Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri arasında növbəti ikitərəfli görüş keçirildi. Məlum olduğu kimi, görüş Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində reallaşıb. Dünənki görüşü digər görüşlərdən fərqləndirən əsas cəhətlərdən biri, görüşün çox uzunmüddətli olması idi. Təxminən beş saat ərzində müxtəlif məsələlər müzakirə olunub. Mətbuata açıqlanan məsələlər var. Təbii ki, mətbuat üçün hələ geniş ictimaiyyət üçün hələ açıqlanması lazım bilinməyən tərəflər də olmamış deyil. İstənilən halda məlumdur ki, sülh danışıqları aparılıb. Sülh sazişi müqaviləsinin bağlanması istiqamətində atılan addımlar növbəti dəfə müzakirə edilib. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması və kommunikasiya xətlərinin açılması, demarkasiya, delimitasiya prosesləri və digər məsələlər müzakirə mövzusu olub”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, eyni zamanda Ermənistan konstitusiyasından, Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyindən birgə imtina ilə bağlı məsələnin müzakirəsi də istisna deyil.
“Eyni zamanda Qərbi Azərbaycandan qovulmuş, sürgün edilmiş, deportasiya olunmuş bacı-qardaşlarımızın geri qayıtmaq haqqının tanınması məsələlərinin də müzakirə mövzusu olduğu istisna edilmir. Digər mühüm cəhət də ondan ibarətdir ki, növbəti vasitəçilərsiz ikitərəfli görüş keçirilir. Səudiyyə Ərəbistanı yalnız görüşə ev sahibliyi edib və bu zamanında Azərbaycanın tələbi idi. Ermənistan bu məsələdən boyun qaçırmaq istəyirdi. Vasitəçilərsiz danışıqları qəbul etmək istəmirdi. Təbii ki, Azərbaycanın mövqeyinə qayıtmaq məcburiyyətində qalıb. Dünən Ermənistan Xarici İşlər Nazirliyinin də açıqlamasında vardı ki, dünən keçirilmiş ikitərəfli görüş Ermənistan tərəfindən də təqdir olunur. Bundan sonra da vasitəçilərsiz görüşün keçirilməsi ilə bağlı bir razılıq da var. Eyni zamanda müxtəlif məsələlərlə bağlı komissiyalar da formalaşıb. Bu məlumat da var. Azərbaycan Xarici İşlər Nazirliyi, eləcə də erməni tərəfi də bu görüşün sülh yaratma prosesində önəm daşıdığını və müsbət məqamların olduğunu xüsusilə diqqətə çatdırıblar”-deyə deputatın fikrincə, məsələnin digər bir konteksti də var.
“Azərbaycan və Ermənistanın ikitərəfli danışıqlarla sülh prosesinə yaxınlaşması, bəzi məsələlərdə bölgədə, regionda marağı olan qüvvələri narahat etməyə bilməz. Artıq Rusiya tərəfinin də açıqlaması var. Düzdür, təqdir edirlər, amma eyni zamanda 2020-ci 2022-ci ildə bağlanmış müqavilələri diqqətə çatdırırlar. Rusiya özünü bu prosesdə tərəf kimi görmək istəyir”-deyən deputat vurğulayıb ki, “10 noyabr” Bəyannaməsində Zəngəzur dəhlizinə nəzarətlə bağlı Rusiyanın federal orqanlarının prosesdə iştirakı nəzərdə tutulmuşdu.
Deputat hesab edir ki, Zəngəzur dəhlizinə nəzarət uğrunda bir savaş da ortadadır.
“Amerika Birləşmiş Ştatlarının bir şirkətinə bu prosesin həvalə edilməsi təklifi olub. İstənilən halda Azərbaycanın və Türkiyənin təhlükəsizliyə zəmanət verə biləcək prosesdə iştirakı olmadan bu məsələ heç bir halda reallaşa bilməz. Eyni zamanda, bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, ikitərəfli görüşdən əvvəl Ermənistanın baş naziri Türkiyəyə səfər etmişdi, Hörmətli Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Onun ardınca məlumdur ki, Ermənistanın həm nəqliyyat kommunikasiya naziri, onun ardınca isə energetika naziri Türkiyədə səfərdə oldu və öz həmkarları ilə görüşlər keçirdilər. Ehtimal edirəm ki, Ermənistan gələcəkdə Rusiyanın təzyiqlərindən sığortalanmaq üçün Türkiyəni bu məsələdə özünə dəstək göstərə biləcəkmi deyə sualına cavab axtarmaqdadır. Çünki Ermənistanın enerji daşıyıcıları bilavasitə Rusiyadan idarə olunur. Ona görə də Rusiyanın prosesdə Ermənistana qəzəblənməsi fonunda Türkiyə və eləcə də Azərbaycana və Türkiyənin dəstəyinə ehtiyacı olacaq. Bu məqsədlə də bu səfərlər reallaşdırılıb və Ermənistan nəhayət ki, başa düşür ki, bu, regionda kənar qüvvələrin dəstəyinə arxayın olmaq uğur gətirməyəcək. Nəhayət, başa düşürlər ki, ən azından Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır ki, bundan hansısa bir divident əldə edə bilsinlər və sözün həqiqi mənasında bölgəyə dayanıqlı sülh və sabitlik gəlsin və danışıqların əsas predmeti elə bundan ibarətdir”-deyən deputat vurğulayıb ki, bu cür ikitərəfli danışıqlar nəticə etibarı ilə bölgədə sülhün bərqərar olmasına xidmət edir.
“Gələcəkdə Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul edəcəksə, təbii ki, sülhə də nail olmaq mümkün olacaq”-deyə Arzuxan Əlizadə əlavə edib.