Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə qeyd edib ki, sertifikasiyanın başladığı 2022-ci ildən bu yana bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verilib.
Mövzu ilə bağlı öz fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri, təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, bu nəticə təhsil üçün çox bəd xəbərdir:
"Müəllimləri zaman-zaman dünyanın hər yerində imtahan edirlər. Ancaq bu, xoş niyyətlə edilir. Məqsəd müəllimlərin bilik səviyyəsini ölçməkdir. Əgər səviyyə tələb olunan həddən aşağı olarsa, həmin müəllimlər təkmilləşdirmə kurslarına göndərilir. Təkmilləşdirməni uğurla başa vurduqdan sonra müəllim yenidən məktəbə qayıdır. Bu sadə addımın arxasında dərin bir fəlsəfə dayanır. Belə ki, vətəndaşına dəyərli resurs kimi yanaşan dövlətlər anlayırlar ki, şagirdləri dəyər yaradan vətəndaşlara çevirə biləcək əsas şəxs müəllimdir. Bu səbəbdən müəllimləri daha dərindən öyrədir, onları imtahan edirlər ki, mümkün qüsurlar aradan qaldırılsın. Qısaca bu qədər. Anlamayanlara Sinqapur təcrübəsini dərindən öyrənməyi tövsiyə edirəm".
Professor xüsusi vurğuladı ki, müəllimi imtahan etməyin məqsədi onu işdən çıxarmaq deyil.
"Məqsəd onu daha da təkmilləşdirmək, uşaqları daha yaxşı öyrətmək qabiliyyətini artırmaqdır. İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır. Buna isə “sui-qəsd nəzəriyyəsi” deyilir", - Şahlar Əsgərov bildirdi