Bəzi nazirlik və komitələrin birləşdirilməsi və ya onların bazasında yeni strukturların yaradılması müzakirələri; idarəetmədə ifrat mərkəzləşmədən narazılıqlar...
Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması yenidən gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır.
Nəzərdə tutulan islahatlarda məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların payızda açıqlanacağı gözlənilir.
Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu. İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi.
Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Daha çevik, daha yığcam struktur formalaşmalıdır.
Deputat Tahir Rzayev Modern.az-a bildirib ki, müasir dövrün reallıqları bütün sahələrdə islahatların aparılmasını zəruri edir: “İlk növbədə iş proseslərinin yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması, əlaqələrin gücləndirilməsi və vətəndaşlarla daha effektiv ünsiyyətin qurulması məqsədinə xidmət edir. Azərbaycanda da son illərdə bir sıra mühüm sahələrdə islahatlar həyata keçirilir və bu addımlar sosial-iqtisadi inkişafla yanaşı, ictimai və mədəni həyatın da müxtəlif istiqamətlərində öz müsbət təsirini göstərməkdə davam edir”.
Deputat qeyd edib ki, bəzi idarəetmə strukturlarında yeni islahatlara ehtiyac duyulur: “Mövcud vəziyyət onu göstərir ki, müəyyən nazirlik və komitələrin birləşdirilməsi və ya onların bazasında yeni strukturların yaradılması məqsədəuyğun ola bilər. İcra orqanlarında da optimallaşdırma və funksional dəyişikliklərə gedilməsi gözlənilir”.
Millət vəkilinin sözlərinə görə, idarəetmə sahəsində ediləcək hər hansı yanlış və tələsik addım gələcək inkişafı ləngidə, cəmiyyətdə narazılıq yarada bilər. Bu baxımdan planlaşdırılan struktur islahatları həm qlobal idarəetmə təcrübəsinə, həm də ölkənin daxili ictimai-siyasi vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki yalnız bu halda islahatlar real nəticələr verə və inkişafı sürətləndirə bilər.
Yeri gəlmişkən, parlamentin yay tətilindən əvvəlki son iclasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev idarəetmədə ifrat mərkəzləşmədən gileylənmişdi. "İdarəetmədə ifrat mərkəzləşmə və güvənsizlik, yəni digər aşağı dövlət orqanlarına güvənsizlik iqtisadi inkişafa çox ciddi ziyan vurur. Hesab edirəm ki, bu məsələnin üzərində ciddi düşünmək lazımdır", - deyə deputat bildirib. Hansı nazirliklər birləşməlidir, nələr dəyişməlidir?
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”da hər hansı bir qurumun ləğvinin problemlərin həlli olmadığını söylədi: “Düşünürəm ki, Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var. Doğru qeyd olunur, yerli icra hakimiyyətlərində islahatlara ehtiyac yaranıb. İcra hakimiyyətlərinin ləğv edilib, yerində başqa qurumların yaradılmasına, yaxud bələdiyyələrə başqa səlahiyyətlərin verilməsinə islahat demək olmaz. Bu, sadəcə, struktur dəyişikliyi olacaq. İnsanlar təzədən yeni strukurlarda işləyəcək. Bu yanaşmanı dəyişmək lazımdır. Bir çox sahələrin adını çəkə bilərəm ki, orada kifayət qədər struktur dəyişiklikləri olub, ləğv olunub yeni strukturların yaradılması halları da olub. Amma effektivlik demək olar ki, olmayıb. İqtidar onu necə qiymətləndirir, bunu dəqiq deyə bilmərəm. Hesab edirəm ki, siyasi iradədə dəyişiklik lazımdır. Nə qədər ki, müxalifət proseslərdən kənar saxlanılacaq, təsir rıçaqları minimuma endiriləcək, ümumiyyətlə, idarəçilikdən kənara atılacaq, nə qədər strukturlar yaradırsınızsa yaradın, heç bir xeyri olmayacaq. Çünki eyni düşüncəli insanlar yenə də başqa vəzifə daşıyacaqlar. Təfükkürlərini oraya daşıyacaqlar. Məsələn, Səhiyyə Nazirliyindən bəzi sahələr ayrıldı, amma effektivliyini hələ görmürük. Belə nümunələr çox çəkə bilərik. Birləşdirilən nazirliklər oldu, amma nəticə olmadı. Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi, nəticə oldumu? Onun üçün də düşünmürəm ki, bütün bunlar tək struktur dəyişikliyi ilə həll olunacaq işlərdir. Dövlət idarəçiliyinə müxalifətin nəzarətinin təmin olunması bu problemləri sürətlə aradan qaldırar. İstər parlamentdə, istər yerli idarəçilikdə, istərsə də məhkəmə sistemində olsun, müxalifətin nəzarəti olmalıdır. Məsələn, dünənə qədər bir yerdə icra başçısı olan şəxs, bu gün prezidentin həmin yerdə səlahiyyətli nümayəndəsi olacaq, o zaman nə dəyişəcək? Təsəvvür edin ki, korrupsiya ilə çoxsaylı icra başçıları tutuldu, amma yenə də tutulurlar. Çünki proses davam edir. Fəlsəfənin dəyişməsinin tərəfdarıyam”.