AST TELMAN YENİDƏN RUSİYAYA PUL YATIRIR
Tarix: 6-04-2012, 12:45 |
Çap et
ONA MOSKVANIN MƏRKƏZİNDƏ HOTEL TİKMƏK İCAZƏSİ VERİLDİ
Rusiya paytaxtı Moskvanın şəhərsalma-torpaq komissiyası azərbaycanlı iş adamı Telman İsmayılovun AST şirkətinə şəhərin mərkəzində - Kremldən 700 metr məsafədə hotel tikmək icazəsi verib. “Media forum” saytı “RİA Novosti” agentliyinə istinadla bildirir ki, şəhərsalma-torpaq komissiyasının protokoluna əsasən, şirkət Nikita bulvarında 24 otaqlı hotellərdən ibarət kompleks tikmək hüququ qazanıb.
Məlumata görə, sahibkar mayın 7-nə qədər torpaq sahəsinin şəhərsalma planını ala biləcək. Kompleksin 2015-ci ilin birinci rübündə işə düşəcəyi bildirilir. Ekspertlərin rəyinə görə, layihəyə qoyulan investisiyanın həcmi 80-100 milyon dollar təşkil edə bilər.
Telman İsmayılov Rusiyanın ən varlı iş adamlarından hesab olunur. O, 2009-cu ilə qədər Moskvada Çerkiz və Varşava bazarlarının, “Praqa” restoranının, “Qrand” mebel mərkəzinin və digər obyektlərin sahibi olub. 2009-cu ilin sentyabrında sanitariyaya nəzarət orqanları İsmayılovun əsas gəlir mənbəyi olan Çerkiz bazarında bir sıra qanun pozuntuları aşkarlayıb və Moskva hakimiyyəti obyektin sökülməsi haqqında qərar qəbul edib.