İNTİQAM ƏLİYEV XARİCİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB
Tarix: 13-12-2011, 15:30 |
Çap et
HÜQUQŞÜNAS TÜRKİYƏ SƏFİRLİYİNDƏN DƏ HESABAT İSTƏYİR
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də İstanbul Atatürk Hava Limanında başına gələn hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib və Türkiyənin Bakıdakı səfirliyinə sorğu göndərib. Hər iki sənəd dekabrın 13-də təcili poçtla ünvanlara göndərilib.
İntiqam Əliyevin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Media forum” saytına deyib ki, göndərilən sənədlərdə dekabrın 7-də İstanbul aeroportunda baş verənlər haqqında məlumat verilir: “Türkiyə səfirliyindən xahiş olunur ki, İntiqam Əliyevin qonşu ölkədən deportasiya olunub-olunmamasına, deportasiya olunubsa, bunun nəyə görə, hansı əsasla edildiyinə aydın gətirilsin. Çünki indiyə qədər deportasiya haqqında hər hansı rəsmi sənəd ortada yoxdur. Daha bir sual ondan ibarətdir ki, İntiqam Əliyevin hava limanında döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılırmı? Daha bir xahişimiz isə odur ki, dekabrın 7-də İntiqam Əliyevin aeroporta daxil olandan çıxana qədər kameraların çəkdiyi bütün videoçəkilişlərin bizə təqdim olunmasına yardım etsinlər”.
Anar Qasımlı xatırladıb ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuata açıqlamasında məsələnin araşdırılması üçün İntiqam Əliyevin rəsmi müraciət etməsinin vacib olduğunu söyləyib: “Əslində hesab edirik ki, Xarici İşlər Nazirliyi belə bir müraciət olmadan da məsələni araşdırmalıdır. Hər halda müraciəti vacib hesab edirlərsə, biz də onu göndərdik”.