"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və qəhrəman ordumuzun fədakarlığı sayəsində tarixi uğurla bitən 44 günlük Vətən müharibəsindən 5 il keçir. Hər kəs gözləyirdi ki, bu tarixi qələbəmiz mədəniyyət müstəvisində daha da möhkəmləndiriləcək, informasiya savaşına mədəni diplomatiya sahəsində töhfə verəcək. Amma təəssüf ki, ötən illər ərzində nə dünya miqyasında səs salacaq film, nə yaddaşlarda qalacaq monumental əsər, nə də gələcək nəsillərə miras qalacaq ciddi layihə ortaya qoyulub..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində jurnalist Fərid Şahbazlı qeyd edib.
O daha sonra bunları əlavə edib: "Məsələn, Şuşa əməliyyatı təkbaşına monumental bir hərbi filmin mövzusu ola bilər. Əsgərlərimizin igidliyi, şəhidlərimizin qəhrəmanlığı musiqi bəstələrinin, simfoniyaların, hətta operaların mövzusu olmalıdır. Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik məharəti isə ayrıca bir əsərin, filmin, sənədli ekran işinin əsas xəttini təşkil edə bilər. Bu qədər zəngin material varkən, onların sənət dili ilə xalqa və dünyaya təqdim olunmaması, sadəcə mədəniyyət sahəsinə cavabdeh şəxslərin məsuliyyətsizliyidir.
Mən nə qədər araşdırma aparsam də, bununla bağlı konkret bir məlumata rast gəlmədim.
Yalnız Heydər Əliyev Fondunun icraçı direktoru hörmətli Anar Ələkbərovun təşəbbüsü ilə çəkilməkdə olan bir film olduğunu öyrəndim və çox sevindim.
Ümumilikdə isə bu sahəyə cavabdeh olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi, artıq göz önündədir. Nazir Adil Kərimli dövründə görülən işlər daha çox formal tədbirlər, hesabat üçün çəkilmiş şəkillər və kağız üzərində qalan planlarla məhdudlaşır. Amma xalq böyük zəfərin ruhunu yaşadacaq, dünyaya təqdim edəcək sanballı əsərlər gözləyir.
Dünyanın təcrübəsi göstərir ki, ABŞ Vyetnam müharibəsini, Rusiya İkinci Dünya müharibəsini, Türkiyə isə Çanaqqalanı mədəni nümunələr vasitəsilə dünyaya tanıtdı.
Görunən odur ki, Mədəniyyət nazirliyi bu istiqamətdə heç bir fundamental iş görə bilmir. Bu, sadəcə passivlik deyil, tarixi fürsətin və izlərin itirilməsi deməkdir..."