Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək başqasına məxsus külli miqdarda pulu mənimsəməkdə ittiham edilən Ermənistan vətəndaşı saxlanılıb, Ukrayna vətəndaşına isə qiyabi ittiham irəli sürülüb.
APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər bioloji valideynlərlə surroqat analar arasında vasitəçilik edən “Kinderli Georgia” MMC yaradıblar. Şirkət surroqat anaların axtarışı və onların nümayəndələri kimi bioloji valideynlər adından onlarla müqavilələr bağlayıb.
Əcnəbilər şirkətin adından Çin vətəndaşlarının külli miqdarda pulunu mənimsəyib, bioloji valideynlərdən aldıqları pulları surroqat anaların müalicə və gündəlik xərclərinə, habelə mənzilin kirayə haqqını və müqavilədə nəzərdə tutulmuş qonorarı ödəmək üçün istifadə etmək əvəzinə bioloji ata-anadan aldıqları pulları mənimsəyiblər.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməli 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.