Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna müharibə zamanı əldə etdiyi hərbi qüdrətini itirməyəcək. Bunu dövlət başçısı Müdafiəçilər Günü mərasimində çıxışı zamanı deyib. "Xalqımız dövlətimizi zəbt etmək, Ukraynanı fəth etmək üçün onlarla cəhdə dözüb. Ukraynalılar əsrlər boyu təbliğat aparıblar ki, guya biz müstəqil milli həyata malik ola bilmərik, lakin Ukraynanı öz əlinə almaq cəhdi yalnız Ukraynanın yenidən doğulması ilə nəticələnib. Ukraynanı silmək üçün edilən bütün cəhdlər və Ukraynalıların zəbtinin nəticəsidir"-deyə Volodimir Zelenski vurğulayıb.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenskinin çıxışında Ukraynanın Rusiya qarşısında ciddi müqavimət göstərməsinə baxmayaraq, çətinliklərin olduğunu hiss etmək olur: “Ukrayna prezidenti əslində "bizə çətindir, Qərb və ABŞ dəstək vermədiyi təqdirdə Rusiyanın qarşısında çətin duruma düşə bilərik, amma bu da bizim əsla məğlubiyyətimiz demək deyil" deyə xalqa reallıqları bildirmək istəyir”.
“Ola bilsin ki, müəyyən bir ərazisi işğal altına düşə bilər, amma Ukraynanın tamamilə təslim olacağını və ya hansısa formada Rusiyanın təsirinə düşəcəyini ehtimal etmirəm. Buna heç Qərb də imkan verməz. Çünki Qərb başa düşür ki, Ukraynanın əlindən getməyi ümumiyyətlə Qərb blokunun çöküşünə gətirib çıxara bilər. Rusiya Ukraynadan sonra növbəti hədəf kimi Polşa və digər Baltikyanı ölkələri də seçə bilər”-deyən politoloq hesab edir ki, XXI əsrdə belə müstəmləkə siyasətinə imkan verilməyəcək və Ukrayna da buna şərait yaratmayacaq.