Naxçıvan Ordusunda xidmət etmiş qazi kapitan Rüfət Məmmədzadə xidmət dövründə ona çatacaq məzuniyyət pullarını ala bilmir. 3-cü qrup əlil olan kapitan ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Bayrağı Ordeni və çoxsaylı medallarla təltif olunub.
Son döyüşlərdə ağır yaralandığı üçün hərbidə xidmətini davam etdirə bilməyib və ordudan təxris olunub.
O, “Gündəlik Naxçıvan”a bildirir ki, xəstəliyi günü-gündən ağırlaşsa da dövlət hesabına müalicə ala bilmir. Məzuniyyət pullarını ala bilmədiyi üçün bunu öz hesabına da edə bilmir:
“2024-cü ilin mart ayının 29-da ordudan təxris olunduqdan sonra işlə təmin olunmamışam. Evim olmadığı üçün ayda 250 manat kirayə, 100 manat kommunal xərc ödəyirəm. Yaşamaq üçün, müalicəm üçün də xərclər var. Problemlərimi, zəruri ehtiyaclarımı həll etmək üçün məcbur qalıb banklardan kredit götürmüşəm.
Müharibədən qayıtdıqdan sonra dövlət tərəfindən müalicəm üçün cəmi bir dəfə 4 min manat yardım edilib. Hazırda banklara müalicəmi davam etdirmək üçün götürdüm 12 min manat borcum var, ödəyə bilmirəm deyə, üstünə faiz gəlir. 2018-ci ildən 2024-ə kimi məzuniyyət pullarımı ala bilmirəm. Bu pulları ala bilsəm, həm müalicəmə xərcləyərəm, həm də borclarımın bir hissəsini bağlayaram.”
Rüfət Məmmədzadə bildirir ki, məzuniyyət pulu və müalicəsi ilə bağlı bir neçə quruma müraciət etsə də nəticəsi olmayıb:
“Azərbaycan Müdafiə Nazirliyinə və Əlahiddə Ümumqoşun Ordusuna, Naxcivanin bas nazirinə, Naxçıvan Sosial Müdafiə nazirinə rəsmi məktubla xeli müraciətlər etmişəm. Baş nazirin qəbulunda olmağıma baxmayaraq, problemi həll olunmayıb. Cavab olaraq bildirilib ki, “büdcədə vəsait yoxdur, imkan olan kimi ödəniləcək.” Bu gün, sabah deyilsə də, ödənilmir. Bankdan götürdüyüm kreditlərin həcmi isə hər gün artır”.
O, İlham Əliyevə müraciət edərək, qanuni haqqı olan məzuniyyət pulunun verilməsində və digər problemlərimin həll olunmasında köməklik göstərməsini xahiş edir.