2023-cü ilin aprel ayında Bakının Nərimanov rayonu Mayakovski 15 ünvanında yaşayan sakinlər evlərinin sökülməsinə etirazlarını bildirmiş, aksiya keçirmişdilər.
Ərazidə yaşayan 61 ailənin mənzillərinin hər kvadratmetrinə 2 min manat təklif olunurdu. Amma sakinlər bu məbləğin az olduğunu əsas gətirərək, ərazidə tikiləcək yeni çoxmərtəbəli binadan onlara ev verilməsini tələb edirdilər.
Aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu məsələ həllini tapmayıb. Sakinlər TNS-ə bildiriblər ki, dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Onların yeni binalardan ev verilməsi tələbi qəbul edilməyib. Yenə də onlara mənzillərinin hər kvadratmetri üçün 2 min manat təklif olunur.
Qeyd edək ki, 1932-ci ildə istismara verilən binanın sökülməsi ilə bağlı qərar olunub.