Abşeron rayonu, Xırdalan şəhər sakinləri Təcili Tibbi Yardımın (TTY) qəbuluna düşməkdə çətinlik çəkmələrindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, TTY-yə zəng etdikdə operatorlar gec cavab verirlər, cavab verdikdə isə onlardan Xırdalan üçün başqa nömrəyə yığmaları istənilir.
Onlar qeyd ediblər ki, operatorun Xırdalan üçün verdiyi əlaqə nömrələrinin qəbuluna saatlarla düşmək olmur, düşəndə də briqadanın çağırışda olduğu və bir az gözləmələri istənilir.
Axar.az xəbər verir ki, TƏBİB-dən Oxu.az-a hazırda Xırdalan şəhəri üzrə TTY-nin telefon xətlərində problem yarandığı bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xırdalan şəhəri üzrə TTY xidmətinə müraciət etdikdə bir sıra hallarda zənglər Bakı şəhəri üzrə yerləşən "103" Çağrı Mərkəzinə daxil olur. Yaranan problem telefon xətləri ilə bağlıdır. Məsələnin həlli ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub", - TƏBİB-dən qeyd olunub.