BOKT “Effektivinvest”in bu ilin yanvar-iyun ayları üzrə maliyyə vəziyyəti açıqlanıb.
Yenisabah.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında kredit təşkilatının faiz gəlirləri 362,8 min manata bərabər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 207 min manat (2,3 dəfə) artıb.
Gəlirlərlə yanaşı, faiz xərcləri də 3,8 dəfə artaraq 58 min manata çatıb. Nəticədə ilk 6 ayda şirkətin xalis faiz gəlirləri 305 min manat olub.
BOKT “Effektivinvest” öz müştərilərindən faiz gəlirlərinin yarısı qədər komissiya haqqı tutub. 2025-ci ilin ilk yarısında şirkətin haqq və komissiya gəlirləri 210 min manat olub.
BOKT “Effektivinvest” ilin ilk yarısını 500 min manat əməliyyat gəliri ilə başa vurub. Şirkətin ümumi və inzibati xərcləri isə 125 min manat təşkil edib.
Lakin gəlirlərdəki artıma baxmayaraq, BOKT “Effektivinvest”in yekun mənfəəti kəskin azalıb. Bunusəbəbi kreditlər üzrə mümkün zərərlərə qarşı 368 min manatlıq ehtiyatın yaradılması olub. Böyük vəsaitlərin ehtiyata ayrılması səbəbindən şirkətin vergidən əvvəlki mənfəəti 14 dəfə azalaraq 6,4 min manata, xalis mənfəəti isə 28,8 dəfə azalma ilə 3,2 min manata enib.
İlk yarım ilin yekununda BOKT “Effektivinvest”in cəmi aktivləri 3,4 milyon manat olub. Bu vəsaitin 2,9 milyon manatı kredit portfelidir.
Paralel olaraq şirkətin borcları da yüksəlməyə başlayıb. BOKT “Effektivinvest”in cəmi öhdəlikləri 750 min manat, təqribən 60% artaraq 2 milyon manata yüksəlib. Hazırda şirkətin 1,7 milyon manat uzunmüddətli, 332 min manat qısamüddətli öhdəlikləri var.