Azərbaycan regionda siyasi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə edərək Qarabağ məsələsinin ədalətli həllinə nail olub. Bu qələbələr xalqın birliyinin, ordunun qüdrətinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin siyasi qərarları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidəki forumda bildirib ki, İlham Əliyev fürsətdən istifadə edərək öz torpaqlarını geri alıb və bunu “möhtəşəm qərar” adlandırıb. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev yalnız ədalətin bərpasını hədəfləyərək sülhə sadiqliyini nümayiş etdirib.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında bütün dünyanın nüfuzlu liderlərinin Azərbaycanın qələbəsini həyəcanla qarşıladığını və müharibənin insani ölçülərə uyğun aparıldığını təqdir etməyə məcbur olduğunu bildirib:
"Azərbaycanın qələbəsi birbaşa dövlət başçısı İlham Əliyevin dərin düşünülmüş siyasətinin nəticəsi ilə bağlıdır.
Azərbaycan Qarabağ məsələsinin həlli zəminində bir neçə qələbə qazanıb. Döyüş meydanındakı qələbədən sonra siyasət, diplomatiya meydanında da uğur əldə edib. Qalib gəlmək asandır, amma qələbəni qorumaq, əldə saxlamaq çətindir. Azərbaycan məhz bunun da öhdəsindən gələrək qələbəni qoruyub saxlayıb. Sonuncu, ən mükəmməl qələbə isə düşmənin sülhə məcbur edilməsi, bir daha təcavüz niyyətinə düşməsi ehtimalının minimuma endirilməsidir".
Ekspert 5 ildə sözü gedən qələbələrin əldə edilməsinin möhtəşəm nailiyyət olduğunu söyləyib:
"Xalqın birliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ordunun qüdrəti, rəhbərin yüksək liderlik qabiliyyəti və müdrik siyasəti vəhdət təşkil qələbəni gerçəkləşdirdi. Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil, həm də dövlətimizin dünyada nüfuzunun, qüdrətinin artmasının təsdiqidir. ABŞ-nin də bu həqiqəti görməsi və reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər".









