Son zamanlar müşahidə olunur ki, qismən görmə məhdudiyyəti olan idmançılar üçün nəzərdə tutulan yarışlara bəzi şəxslər saxta şəkildə özlərini məhdudiyyətli kimi təqdim edərək qatılmağa çalışırlar. Lakin daha sonra onların heç bir sağlamlıq problemi olmadığı üzə çıxır və belə idmançılar yarışdan kənarlaşdırılır.
Burada isə əsas sual yaranır: belə hallara yol verən məşqçilər niyə məsuliyyət daşımır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirdi ki, belə hadisənin baş verməsinin iki səbəbi ola bilər:
"Birincisi məsuliyyətsizlikdir. Yəni bilərəkdən saxtakarlıq edərək idmançıları haqsız mübarizəyə sürükləmək, görmə qabiliyyəti normal olan idmançıları məhdudiyyətli rəqiblərə qarşı çıxarmaqla onların qələbə qazanmasına şərait yaratmaq və eyni zamanda maddi mənfəət əldə etmək istəyidir. Bu yolverilməzdir və qarşısı qətiyyətlə alınmalıdır. Bununla bağlı hətta müvafiq dövlət qurumları işə qoşulmalı və ciddi cəza tədbirləri görülməlidir. Hadisələrin bilərəkdən baş verib-vermədiyini artıq polis və aidiyyəti orqanlar müəyyən etməlidir. Əgər belə hallar təsdiqlənsə, ən ağır cəzalar tətbiq olunmalıdır. Bu məsələ təkcə məşqçinin deyil, eyni zamanda idmançıya icazə verən həkimlərin, federasiyanın və ümumiyyətlə məsuliyyət daşıyan hər kəsin üzərinə düşür. Ona görə də bu prosesi müvafiq orqanlar araşdırmalı və lazımi addımlar atmalıdırlar.
İkinci səbəb isə məşqçilərin səriştəsizliyi ola bilər. Belə ki, bəzi hallarda məşqçilər son dövrlərdə baş verən qayda dəyişikliklərindən xəbərsiz qalırlar. Paralimpiya idman növlərində qaydalar tez-tez dəyişir: qismən görmə, müəyyən dərəcədə görmə və tam görməmək qrupları fərqli qaydalarla tənzimlənir. Mənim bildiyimə görə, J2 kateqoriyası ilə bağlı qaydalar dəyişmişdi və ötən il də oxşar hal baş vermişdi. Bu səbəbdən məsələnin bir yönü də məşqçilərin hazırlıqsızlığı ilə bağlıdır. Çünki əgər qayda dəyişibsə, bir gün iştirak hüququ olan idmançı ertəsi gün həmin hüquqa malik olmaya bilər. Buna görə də məsuliyyət yenə də məşqçilərin üzərində qalır. Onlar idmançının hazırlanması və yarışa aparılmasına cavabdehdirlər".
Ekspert qeyd etdi ki, beynəlxalq yarışlarda iştirak üçün böyük vəsait xərclənir:
"Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən ciddi iş görülür. İdmançının hazırlığı, məşq prosesi, ezamiyyəti və yarışlarda iştirakı böyük zəhmət bahasına başa gəlir. Bu səbəbdən idmançının əvvəlcədən yoxlanılmadan, qaydaları bilmədən və ya nəzərə almadan yarışa aparılması həm məşqçilərin, həm də federasiyanın məsuliyyətidir. Qaydaları bilməmək heç kəsi məsuliyyətdən azad etmir, ona görə də məşqçilər qaydalardan və qanunlardan xəbərdar olmalıdırlar".