Azərbaycan, Türkiyə və Ermənistanın I xanımlarının Çində çəkdirdikləri birgə foto-şəkil əslində çox ciddi mesaj ehtiva edirdi.
Bu şəkilin fonuna nəzərə salsaq, bir neçə komponentin bir araya sığışdırıldığını görə bilərik: xanımların hər 3-nün başı üzərində görünən dəyirmi fırlanqac, böyük bir çayı andıran su hövzəsi və bu hövzənin açıldığı ucamərtəbəli binalar, ən əsası isə aydın səma. Sözsüz ki, bütün bu komponentlər özlərində yalnız bir məzmunu birləşdirə bilərdi – Sülh.
Mənim də paylaşdığım bu fotonun altında yazılan rəylərə göz gəzdirəndə əksər rəyçilərin də sülhdən danışdıqları nəzərə çarpırdı. Görünən budur ki, fotonu hazırlayan Çin sosio-psixoloqları öz hədəflərinə çatmışdılar: foto həqiqətən də sülh anlayışını assosasiya etdirirdi.
Bəs niyə sülh məzmunu?
Məncə, bunun bir səbəbi var. Əslində bütün imperiyaların söykəndiyi bir neçə dəyərdən biri də uzunmüddətli sülh anlayışıdır. Biz bunu Roma imperiyası zamanında da, Osmanlı əyyamında da, Böyük Britaniyanın dünya ağalığı dövründə də görmüşük, II Dünya savaşından sonra başlayan ABŞ hegemoniyasında da. Və bu imperiyalardan bəhs edən siyasi ədəbiyyatlar da onların əhatə dairələrini “Pax” artikli ilə ifadə edirdilər – Pax-Americana, Pax- Britannica, Pax-Romana və s. kimi. “Pax” sözünün latınca “sülh” mənasına gəldiyini nəzərə alsaq, sadaladığımız bu terminlər əslində Amerika sülhü, Britaniya sülhü, Roma sülhü mənasına gəlir.
İstənilən imperiyanın əhatə dairəsini məhz “sülh” sözüylə ifadə olunması təsadüfi deyildi. Zira bütün böyük imperiyalar əhatə dairələrinə aldıqları coğrafiyalara həqiqətən də uzun müddətli sülh və yeni mədəniyyətlər gətirirlər. Bunun üçün isə müstəmləkələrdən topladıqları xəracdan ciddi vəsait ayırmaqdan da çəkinmirlər. Çünki bilirlər ki, qurulan sülh şəraiti onlara daha çox sərvət gətirəcək.
Heç uzağa getməyək, II Dünya müharibəsindən daşı daş üstündə qalmadan çıxan Avropanın yenidən qurulması üçün ABŞ Marşall planı elan etdi və bu məqsədlə 13.3 milyard dollar vəsait ayırdı. İqtisadçı alimlərin hesablamalarına görə, həmin 13.3 milyard dolların bugünkü ekvivalenti 173 milyard dollardır.
Maraqlıdır ki, birgə iqtisadi fəaliyyət və əməkdaşlıq məqsədi ilə dünyanın 20-dən çox ölkəsini Çinə toplayan Si Cinpinq hakimiyyəti təkcə onların foto-şəkillərini çəkməklə qalmır, həm də bir çox ölkələrə böyük kreditlər verir. Bir nov Çinin “Marşall planı”nı həyata keçirir.
Bəs, bu təşəbbüslər nə dərəcədə öz hədəflərinə çata bilər?
Zənnimcə, Si Cinpinq çox asanlıqla buna nail olacaq. Ona görə yox ki, ölkəsinə dəvət etdiyi həmin dövlətlərin bu maddi dəstəyə böyük ehtiyacları var. Ona görə ki, Çinin dəvətini qəbul edən ölkələr puldan çox, rahat həyata, sülhə təşnədirlər. Dünənə qədər dünyaya guya azadlıq, demokratiya və sülh paylayan ABŞ indi bu qlobal sifarişə cavab verə bilmir, dünyanın müxtəlif ölkələrində seperatizmi, regional müharibələri dəstəkləyir. Adətən Pax-imperiyaların əcəli gələndə sülh barədə düşünmürlər, himayəsinə aldıqları bütün coğrafiyaları qana bələyirlər.
Məhz ABŞ-ın bu zamanında Çinin sülh göyərçini imiciylə ortaya çıxması onun şansını artıran amillərdəndir. Üstəlik, Pekin bu sülhpərvərliyini yalnız Cənubi Qafqaza da göstərmir. Xatırlayırsınızsa, bir neçə il əvvəl Pekin İranla ərəb ölkələrini bir araya toplayıb barışdırmışdı. Bu fakt təsdiq edir ki, Çin də artıq özünün “Pax-China” imiciylə ortaya çıxmağa can atır. Bizim coğrafiyamızın dəyərli I ledilərinin Çində çəkdirdikləri foto da bunun ilk nümayişlərindəndir. Çin bu kimi addımlarla dünyaya “artıq mənim zamanım gəldi” mesajı verir.
Heydər Oğuz - "DİA-AZ"