Azərbaycanla Çin arasında son illərdə dərinləşən əməkdaşlıq təkcə iqtisadi müstəvidə deyil, həm də geosiyasi baxımdan Cənubi Qafqazda güc balansını dəyişdirən amillərdən birinə çevrilməkdədir. Bu proses ilk növbədə regionun ənənəvi təsir mərkəzi olan Rusiya üçün narahatedici siqnallar yaradır. Xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpinlə strateji çərçivədə qurduğu əlaqələr, Azərbaycanın “Bir kəmər – bir yol” layihəsində mühüm tranzit ölkə statusu qazanması və Pekinin Bakıya verdiyi açıq siyasi dəstəklər, Moskvanın istədiyi manevr azadlığını xeyli daraldır.
Hazırkı mərhələdə Rusiya üçün Azərbaycanla açıq qarşıdurma yalnız regionda deyil, eyni zamanda Pekinlə münasibətlərində də ciddi gərginliyə səbəb ola bilər. Bu isə Putinin Kreml daxilində dəstəyi zəiflədiyi, beynəlxalq təcridə məruz qaldığı və Ukrayna müharibəsində strateji dalana dirəndiyi bir şəraitdə, əlavə cəbhə açmaq riskini artırır. Məhz bu kontekstdə Çin amili Azərbaycanın təhlükəsizliyini təmin edən qlobal balanslaşdırıcı vasitəyə çevrilir və Əliyevin Moskva qarşısında əlini gücləndirir.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Rusiyanın Azərbaycana qarşı mümkün təzyiqlərində Çin amili xüsusi rol oynayır. Bakı ilə Pekin arasında qurulan strateji əməkdaşlıq Moskva üçün həm iqtisadi, həm də geosiyasi narahatlıq yaradır:
“Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tranzit ölkə kimi çıxış etməsi və Orta Dəhlizdə əsas oyunçuya çevrilməsi Çini regionda mühüm tərəfdaş kimi möhkəmləndirib.
Bu şəraitdə Çin amili iki istiqamətdə təsir göstərir. Birincisi, Azərbaycanın müstəqil şəkildə Pekinlə əməkdaşlığı Moskvanın təsir imkanlarını məhdudlaşdırır və Rusiya üçün yeni balanslaşdırıcı faktor yaradır. İkincisi, Pekinlə sıx tərəfdaşlıq Bakıya əlavə siyasi təminat verir və Rusiyanın Azərbaycana qarşı daha sərt addımlar atmaq imkanlarını məhdudlaşdırır.
Prezident İlham Əliyevin Çinlə yaxınlaşması yalnız iqtisadi əməkdaşlıq deyil, həm də təhlükəsizlik baxımından mühüm strateji gedişdir. Bu addım Putinin əl-qolunu bağlayaraq, Azərbaycanın müstəqil mövqelərini qorumaq və regional güc balansında öz maraqlarını təmin etmək imkanlarını artırır”.