Bakının Türkan qəsəbəsində illərdir içməli su problemi həll olunmur. Sakinlər deyirlər ki, bu ərazidə şirin su ümumiyyətlə yoxdur. Kranlardan su yox, səbr axır. Evlərə mərkəzi su xətti çəkilsə də, kranlardan içməli su gəlmir.
Tribunainfo.az-a şikayət ünvanlayan vətəndaşlar bildirib ki, əksər hallarda su ya ümumiyyətlə olmur, ya da yalnız texniki məqsədlə istifadə edilə biləcək vəziyyətdə olur.
Vətəndaşlar içməli suyu pulla, xüsusi maşınlarla alır. Bu isə aylıq büdcələrinə ciddi təsir göstərir. Hər ailə bir neçə günə bir içməli su almaq üçün əlavə xərc çəkməyə məcbur qalır. Əraziyə yaxın üzüm sahələrinin artezian quyularından su çıxarılıb məhsul üçün istifadə edilsə də, insanların gündəlik ehtiyacları təmin olunmur.
Türkan sakini:
“Biz üzümçülüklə dolanırıq, amma özümüz susuz qalmışıq. Hər dəfə içməli su almağa 5-10 manat xərcləyirik. Bu, həm çətin, həm baha başa gəlir. Yayda vəziyyət daha da dözülməz olur”.
Qəsəbə əhalisi problemin illərdir davam etdiyini, aidiyyəti qurumlara müraciətlərin isə nəticəsiz qaldığını deyir. Onlar içməli suyun dayanıqlı şəkildə təmin olunmasını istəyirlər.