Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts ABŞ Konqresmeni Bred Şnayderlə görüşüb.
Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Görüşdə Ermənistan ilə ABŞ arasında əməkdaşlığın inkişafı, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikir mübadiləsi aparıblar.
Politoloq Zaur İbrahimli“Sherg.az”a bildirib ki, Tramp administrasiyası Bayden administrasiyasından fərqli olaraq, Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür:
“Tramp daha çox obyektiv, ABŞ-nin həqiqi, milli maraqları səviyyəsində siyasət həyata keçirir. Paşinyan iqtidarına qarşı Rusiyadan təzyiqlər və Ermənistan Baş nazirinin kilsə ilə başlatdığı savaş xarici dəstəyi zəruri edir. 2026-ci ilin iyul ayının 7-ə təyin olunan parlament seçkilərinə hazırlıqların başlaması fonunda Vaşinqtonun dəstəyi Paşinyan iqtidarı üçün vacibdir. Tramp administrasiyası pərdə arxasından mümkün vasitələrlə Paşinyan iqtidarına dəstək verəcək. O, ABŞ-lə ciddi əlaqlərə malikdir, xüsusilə ordu quruculuğunda, təhlükəsizlik qüvvələrinin gücləndirilməsində ABŞ ona dəstək verir. Pentoqon nümayəndələri Ermənistan ordusunda, Baş Qərargahında müşavir vəzifələrində tuturlar. Bundan əvvəl Ermənistanla ABŞ arasında iki hərbi təlim keçirilib. Yəni əlaqalər Bayden administrasiyası dövründə olduğu qədər sıx inkişaf etməsə də, Vaşinqtonda geosiyasi səbəblərdən Paşinyan iqtidarının hakimiyyətdə qalmasında maraqlıdırlar. Paşinyan ABŞ-dən dəstəyin gücləndirməyini istəyəcək. Nikolun bu istəyini ABŞ nəzərdən keçirə bilər. Çünki Ermənistanda iqtidarın öz mövqelərini qoruması, növbəti parlament seçkilərində qalib gəlməsi regionda ABŞ-nin təsir imkanlarını artıracaq. Eyni zamanda bu, Rusiyanın təsir gücünü və nüfuz dairəsini məhdudlaşdırır. Ermənistan və ABŞ əlaqalərinin inkişaf etməsi indiki halda, bütün regiona təsir göstərəcək. Ermənsitanda isə Paşinyan iqtidarının mövqeyinin qorunması, revaşistlərin hakimiyyətə gəlməməsi baxımından müsbət addımdır”.
Politoloq, Ermənistan, Azərbaycan və ABŞ münasibətlərinin inkişaf etməsinin regiona necə təsir göstərəcəyindən də danışıb:
“ABŞ administrasiyasının Tramp hakimiyyəti ilə bağlı Azərbaycan və Ermənistanla olan anlaşması obyektiv olaraq nəzərə alınarsa, Paşinyan iqtidarının daxil olunması sülh maraqlarına cavab verərdi. Lakin yenidən Bayden administrasiyası dövründəki erməni mərkəzli siyasət ön plana çıxacaqsa, bu indiyədək olan nailiyyətlərin üstünə xətt çəkəcək. Bir qrup konqresmen də dövlət katibinə guya Qarabağdan köçən ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı müraciətini də diqqətdən kənar qoymaq olmaz. Erməni lobbisinin təsiri ilə bəzi dairələr yenidən əvvəlki siyasətin qayıtmasına çalışırlar.
ABŞ siyasətindən əsas gözləntilər indiki obyektiv yanaşmanın qalcağından ibarətdir. Yəni Bakı istəyir ki, Vaşinqton bölgədə sülh danışıqlarını dəstəkləsin və ayrıcı xətlər çəkməkdən yayınsın. Bu mənada erməni lobbisinin təsir imkanları məhdudlaşdırılmalıdır ki, Tramp administrasiyası Azərbaycanla münasibətlərini Ermənistan kontekstində dəyərləndirilməsin. Çünki Bayden administrasiyası dövründəki səhvlərin təkrarlanması ABŞ-nin regiondakı maraqlarına zərbə olar”.