"ARKOZ QAZAX SEMENT ZAVODU" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, zavodun vergi borcu 630566,26 manat təşkil edir.
“Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Müəssisənin hüquqi ünvanı Qazax rayonunun Daş Salahlı kəndində yerləşir.
Zavodun rəhbəri Murat Çağlayan 2023-cü ildə bu posta təyin olunub.
Mediada yayılan məlumatlara görə, biznes yönümlü sosial şəbəkə olan LinkedIn platformasında “Arkoz Holdinq”in sahibi və idarəçisi kimi Çengiz Çelik göstərilib. Türkiyəli memar olan Çelik, eyni zamanda “Arkoz Ağrı Sement Zavodu”nun da direktorudur.
Bildirilir ki, “Arkoz Holdinq” adını “Arkoz Mədənçilik Şirkəti”ndən götürüb. Sözügedən şirkət Türkiyənin ən iri mədənçilik şirkətlərindən biridir.
Hazırda “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar əvvəllər “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub. “Gəmiqaya Holdinq” isə vaxtilə Naxçıvan MR-nin sabiq sədri Vasif Talıbova məxsus olub.
Rəsmi məlumatlara görə, "ARKOZ Qazax Sement Zavodu"nun İdarə Heyətinin sədri Emin Uçar, baş direktoru isə Cengiz Çelikdir.
Yerli mediada yer alan xəbərlərə əsasən, Emin Uçar uzun illər Vasif Talıbovla biznes ortaqlığı edib.
32gun.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, zavodu əslində onun oğlu – Orhan Uçar idarə edir. O.Uçar zavoda tez-tez baş çəkir və müəssisənin gündəlik fəaliyyətinə birbaşa nəzarət edir.