Azərbaycan bu il “AI-92” markalı benzinin idxalını 9 dəfəyə yaxın artırıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14 faiz azdır.
Belə ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda benzin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur.
Həmçinin, bu göstərici 2024-cü ildə 8.77 min ton təşkil edib. Beləliklə, idxalın dəyəri 2024-cü ildə 7.01 mln dollar təşkil etmişdisə, bu il benzin idxalına xərclənən vəsait 31.72mln ABŞ dolları olub.
Azərbaycanda benzin idxalının bu qədər artması yaxın gələcəkdə benzin qiymətlərində növbəti dəyişiklik dalğası yarada bilərmi?
“Cebheinfo.az”-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycana Aİ-92 markalı benzinin idxalının kəskin artmasının əsas səbəbi ölkə daxilində bu markadan olan benzinin istehsalının azalmasıdır:
“Əsas səbəblərdən biri də daxili istehsalın azalması ilə yanaşı, bu ilin ilk 6 ayında Aİ-92 markalı benzinin gömrük rüsumunun 200 manatdan 1 manata endirilməsi ilə bağlıdır. Yəni ilin ilk yarısında hər ton Aİ-92 markalı benzin üçün cəmi 1 manat gömrük rüsumu tətbiq olunurdu. Lakin iyulun 1-dən etibarən bu rüsum yenidən 200 manata qaldırılıb. Bu da ilk 6 ay ərzində Aİ-92 markalı benzinin idxalını stimullaşdıran əsas amillərdən biri olub”.
Akif Nəsirli qeyd edib ki, bu, müəyyən məntiqsizlik yaradır:
“Əsasən bu markalı benzini biz Rusiyadan, Belarusdan, Rumıniyadan və digər ölkələrdən idxal edirik. Qeyd edim ki, Rumıniya və Belarus Azərbaycanın neft satdığı ölkələr sırasındadır.
Bu isə bir qədər məntiqsizlik yaradır. Çünki Rumıniya bizdən aldığı neftdən Aİ-92 benzini istehsal edib bizə satır, lakin Azərbaycan özü bu benzini daxildə istehsal edə bilmir. Hesab edirəm ki, bu sualların ətraflı cavabı verilməlidir ”.