Hər il Bakıda keçirilən “Dream Fest” festivalında Rusiya ilə yaranan problemlərdən sonra dəyişiklik olacaq.
Belə ki, aparıcılar Regina Todorenko və Miloş Bikoviçi azərbaycanlı teleaparıcı Murad Dadaşov və prodüser Hüsniyə Məhərrəmova əvəz edəcək.
“Cebheinfo.az” bu barədə “Life SHOT”-a istinadən xəbər verir.
“Telegram” kanalının məlumatına görə, bu, artıq festivalda ikinci belə dəyişiklikdir. Bundan əvvəl “Dream Fest 2025” rəhbərliyi Rusiyadan olan bütün iştirakçıları festivalın tərkibindən çıxarıb. Bunlar Stas Piexa, Klava Koka, Yeqor Krid, “Ruk Verx” qrupu və s.-dir. Mətbuatda konsertlərin Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təxirə salındığı bildirilir.
23–26 iyul tarixlərində Xəzər dənizi sahilində ikinci dəfə keçiriləcək irimiqyaslı beynəlxalq musiqi festivalı DREAM FEST 2025 müxtəlif ölkələrdən tanınmış ifaçıların iştirakı ilə baş tutacaq. Tədbirin proqramında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 29 iyun tarixli məlumatına əsasən dəyişikliklər nəzərdə tutulub.
Festivalın birinci və üçüncü günlərinin line-up-ı demək olar ki, dəyişməz qalacaq. İkinci və dördüncü günlər üçün isə təşkilatçılar yeni ifaçı adları ilə çıxış proqramını yenidən hazırlayacaqlar. Dünyanın müxtəlif ölkələrindən gələcək ulduz ifaçıların yenilənmiş siyahısı yaxın günlərdə elan olunacaq.
Sizi Nicole Scherzinger, JONY, Jah Khalib, In-Grid, Sandra, Ottawan, EMIN, Haddaway, Aqua, Alessandro Safina, Zülfiyyə Xanbabayeva, Tunzala Ağayeva, Merab Amzoevi, Röya Zərgərli, Miri Yusif, Cosa Nostra, Zamiq Hüseynov, Fayiq Ağayev, Aygün Kazımova, SEVANNA, IVKA və digər sənətçilərin çıxışları gözləyir.
Zərurət yarandığı halda biletlərin dəyişdirilməsi və ya qaytarılması biletlərin satışını həyata keçirən operatorların qaydalarına əsasən mümkün olacaq.
“Cebheinfo.az” xatırladır ki, iyunun sonunda Azərbaycanda Rusiyanın dövlət və özəl qurumları tərəfindən planlaşdırılan bütün mədəni tədbirlər ləğv edilib. Nazirlik bu qərarı Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi zorakılıq hərəkətləri ilə izah edib.
Ləğv edilən tədbirlərə konsertlər, festivallar, tamaşalar, sərgilər və s. daxildir. Mədəniyyət Nazirliyindən bildirilib ki, vətəndaşlar əvvəlcədən aldıqları biletləri satış məntəqələri və onlayn platformalar vasitəsilə geri qaytara biləcəklər.