İlləf boyu mətbuata verdiyim müsahibələrdə söylədiyim bir fikir vardı: İranın qurtuluşu Türk birliyinə inteqrasiya ilə mümkündür və İranın bu potensialı var. Sadəcə mədəni bir sıra islahatlar keçirərək Türk birliyinin ən aparıcı ölkələrindən ola bilər.
Ən əsası isə bu islahatlar İran üçün nə qədər həyati əhəmiyyət daşıyırsa, Türk birliyi üçün də olduqca vacibdir. Çünki müasir dünyamızda isti dənizlərə çıxa bilməyən dövlətlər “dalan dövlət” sayılırlar və bu problemi həll etməsələr, böyük ittifaqlar qursalar belə, onu uzun müddət qoruyub saxlaya bilməzlər. Bu mənada İran böyük Türk dünyası üçün isti dənizlərə (Hind okeanına) açılan ən geniş pəncərə və ən qısa yoldur. Amma bu yolda dayanan ən böyük problem islam donuna bürünmüş fars şovinizmidir. İran bu əngəli aşaraq həm özünü xilas edə, həm də Türk dünyasının böyüməsində önəmli rol oynaya bilər.
İran prezidenti Məsud Pezeşkiyanın bu gün yayılan açıqlamasını oxuyanda xeyli sevindim. Deyəsən, İran da tədricən həm öz potensialının, həm də nöqsanlarının fərqinə varır. Mən bu oyanışa görə, İran prezidentini ürəkdən alqışlayıram.
Pezeşkiyanın etiraf dolu açıqlamaları
"Bizim ölkədə bir ana dilində təhsil problemi var. Bunu təkzib etmək doğru deyil. İran Azərbaycanında özünü türk adlandıranlara qarşı qəzəblənmək lazım deyil. Bu adamların ana dili Türk dili, etnik mənsubiyyəti türkdür. Özlərini başqa cür adlandıra bilməzlər, qondarma adlar isə qəbuledilməzdir.
Ana dilində təhsil İranın həm milli həm də beynəlxalq öhdəliyidir. Biz türk dilində təhsil məsələsinə xüsusi yanaşmalıyıq. Çünki bu İranın ayrılmaz parçası olan milyonlarla türkün ana dilidir".
"Türk dili Şəhriyarın danışdığı və yazdığı dildir. Bu dildə şeir deyərkən qəzəblənmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən dahi şəxsiyyətidir.
Ümumiyyətlə isə kürd, türk, ərəb və digər bütün dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Buna görə də insanların özünü ifadə etməsi onların təbii haqqıdır".
Heydər Oğuz - "DİA-AZ"