“Azərbaycan ABŞ hakimiyyətindən "907-ci düzəliş"i ləğv etməyi gözləyir. Bu, ikitərəfli münasibətlərin inkişafına mane olur”. Bu sözləri Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahim “Diplomatic Watch”a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan ərazilərinin işğal altında olduğu, regionda etnik təmizləmənin (azərbaycanlılara qarşı) aparıldığı dövrdə Azərbaycana münasibətdə ədalətsiz olaraq 907-ci maddə qəbul edilib. "Bu düzəlişin qəbulu Konqresdəki müəyyən lobbi qruplarının təzyiqi nəticəsində mümkün olub", - diplomat əlavə edib.
Onun sözlərinə görə, ABŞ-la Azərbaycan arasında çox güclü əlaqələr var: “Azərbaycanın strateji mövqeyini nəzərə alsaq, ABŞ-la əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Azərbaycan ABŞ üçün vacib olan, demək olar ki, hər bir kritik məsələdə rol oynayır. Azərbaycan üçün isə ABŞ təkcə dünyanın fövqəldövləti olduğu üçün deyil, həm də ona görə vacibdir ki, bizim bir çox ümumi maraqlarımız və dəyərlərimiz var”.
Xəzər İbrahim ümid edir ki, Bakı və Vaşinqton arasında münasibətlər “907-ci düzəliş olmadan” davam edəcək.
"907-ci düzəliş" ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən sənəddir. "907-ci düzəliş" ilk dəfə 1992-ci ildə guya “Azərbaycan tərəfindən Qarabağın "işğalı" və Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən təklif edilib. Bu əlavə ilə Azərbaycan Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımdan xaric edilən yeganə ölkə olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. "907-ci düzəliş" 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. 2023-cü ilin payızında isə ABŞ Konqresinin yuxarı palatasında “Erməniləri Müdafiə Aktı” (Armenian Protection Act) adı ilə qəbul edilmiş sənəd də 2024-2025-ci illər üçün Azərbaycana ABŞ yardımını və hətta onun Prezident tərəfindən dondurulmasını qadağan edir.
Azərbaycanın maddi olaraq yuxarıda adıçəkilən akta və ABŞ-ın birbaşa maliyyə yardımlarına ehtiyacı xeyli azalıb. Bununla belə, müddəanın Damokl qılıncı kimi bu əlaqələrin üzərində asılı qalması həm simvolik, həm də praktik baxımından maneələr yaradır və ümumiyyətlə, Azərbaycan cəmiyyətində çox ədalətsiz və ikili standartların bir nümunəsi hesab edilir.
Belə görünür ki, Tramp administrasiyası Azərbaycana qarşı bu ədalətsiz davranışın fərqindədir. Önəmli olan bu amili amerikalı konqresmenlərin əksəriyyətinin anlaması və nəhayət ki, Azərbaycana qarşı tətbiq edilən “907-ci düzəliş”in ortadan qaldırılmasıdır. Yada salaq ki, Respublikaçılar Partiyası həm ABŞ Senatında, həm də Nümayəndələr Palatasında həlledici üstünlüyə malikdir. Trampın partiyası ötən il seçkinin nəticələri əsasında ABŞ Senatında üstünlük əldə edib. Respublikaçılar Partiyası Senatdakı 100 yerdən 52-nə, Demokratlar Partiyası isə yalnız 44-nə nəzarət edir. ABŞ Nümayəndələr Palatasında Respublikaçılar 435 yerdən 207-sini, Demokratlar isə 186-nı tuturlar.
Qeyd etdiyimiz kimi, prezident Donald Trampın Azərbaycana müsbət münasibəti ilə seçildiyi və Respublikaçıların Senatda, Konqresdə səs üstünlüyünə malik olduğu məlumdur. Bu amillər və ABŞ-ın özünün maraqları "907-ci düzəliş"in ləğv edilməsini şərtləndirə bilərmi?
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Donald Tramp istəsə, Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "907-ci düzəliş"in fəaliyyətini dayandıra bilər: “Əslində 907-ci düzəliş ABŞ üçün səmərəsiz və lüzumsuz bir sənədə çevrilib. Hətta Amerika siyasətinin Cənubi Qafqazda həyata keçirilməsinə "907-ci düzəliş" ciddi əngəllər yaratmaqda davam edir. İndi yeni reallıqlar bunu tələb edir ki, bu məntiqsiz “düzəliş” ortadan qaldırılsın. Bunun ilk vaxtdan heç bir məntiqi olmayıb, şər üzərindən qəbul edilib. ABŞ qanunvericiliyinə görə, prezident həmin düzəlişə əhəmiyyət vermədən də Azərbaycana yardım haqqında qərar verə bilər. Yəni hətta o düzəliş qüvvəsində olsa da prezident müəyyən anlarda Amerikanın maraqlarını nəzərdə tutaraq, “907-ci düzəliş”dən yan keçərək yardımı bərpa edə bilər. Hətta Konqres 907-ci düzəlişi ləğv etməsə belə, Prezident Tramp öz hüquqlarından istifadə edərək Azərbaycana yardım göstərilməsinə şərait yarada bilər. "907-ci düzəliş"in qəbul edilməsindən 33 il keçir. Azərbaycan bu müddətdə ABŞ-ın yardımları olmadan da böyük inkişaf yolu keçib, işğaldakı ərazilərini azad edib, bütün ərazisində suverenliyini bərpa eləyib. Dediyim odur ki, əgər ən çətin dövrlərdə Azərbaycan "907-ci düzəliş"in mövcudluğuna baxmayaraq inkişaf edibsə, problemlərini özü həll etməyi bacarıbsa, inkişaf etmiş qalib Azərbaycana bu cür düzəlişlər ciddi əngəl yarada bilməz. "907-ci düzəliş"in saxlanması bu gün ABŞ-ın özünün zərərinə işləyir. ABŞ-a qarşı Azərbaycan cəmiyyətində bir etimadsızlığa yol açır, münasibətlərdə istər-istəməz diskomfort yaradır. "907-ci düzəliş" Amerika-Azərbaycan münasibətlərinə mənfi təsir edir. Halbuki Azərbaycan Tramp administrasiyası ilə sıx əməkdaşlıq əlaqəsi qurmaq istəyir. Ona görə Vaşinqton ilk növbədə ABŞ-ın maraqlarını nəzərə alıb bu müddəanı ləğv etməlidir".
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirdi ki, “907-ci düzəliş”in qəbulu ədalətsiz bir qərar idi. ABŞ faktiki olaraq həmin dövrdə heç bir ciddi əsas olmadan və beynəlxalq hüquqa zidd olaraq Ermənistanın maraqlarını müdafiə etmişdi. Artıq Qarabağ problemi həll olunub və “907-ci düzəliş”in qəbulu üçün ABŞ-ın uydurduğu əsaslar da yoxdur. Buna görə də onun ləğvi məntiqli olardı: “Doğrudur, Azərbaycanın "907-ci düzəliş"in məhdudlaşdırdığı maliyyə yardımına ehtiyacı yoxdur. Ancaq bunun çox böyük siyasi mənası var. Səfirimiz Xəzər İbrahimin də qeyd etdiyi kimi, iki ölkə arasındakı münasibətlərə təsir göstərir. Əgər indi ABŞ bu qərarı ləğv etməsə, deməli, həm ədalətsizliyi davam etdirmiş olur, həm də ondan siyasi məqsədlər üçün istifadə niyyətini göstərir. Trampın bəyanatları ilə əməlləri arasında hər zaman kəskin fərqlərin olduğunu müşahidə edirik. Bu baxımdan onun dediklərinə o qədər də inanmaq olmaz. Ancaq Tramp hakimiyyəti gələcəkdə Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, mütləq “907-ci düzəliş”i ləgv etməlidir".