Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edəcək. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, sabah Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib. Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.
Laçın Beynəlxalq Hava Limanının açılışı sadəcə bir infrastruktur layihəsi deyil, Azərbaycanın yenidən doğulan bölgələrinin simvoludur. Bir zamanlar düşmənin nəzarətində olan bu torpaqlarda bu gün müasir aeroportun istifadəyə verilməsi xalqımızın iradəsinin, dövlətimizin gücünün təntənəsidir. Bu açılış Azərbaycanın güclənən iqtisadi və geosiyasi mövqeyinin, həmçinin dövlətin bölgədə sabitlik və inkişaf naminə atdığı davamlı addımların növbəti simvoludur. Təkcə aeroport deyil, Laçında ümidlər, gələcək və güvən inşa edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Sherg.az-a bildirib ki, Laçın Beynəlxalq Hava Limanının açılışı və bu tədbirdə üç ölkə liderinin iştirakı bir neçə aspektdən qiymətləndirilməlidir:
“Burada təkcə geosiyasi deyil, həm də beynəlxalq münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu iştirakla dünyaya göstəririk ki, Azərbaycan, Türkiyə və Pakistan kimi suveren dövlətlərin ortaq maraqları mövcuddur. Digər tərəfdən Laçın Beynəlxalq Hava Limanı mühüm beynəlxalq logistik imkan kimi çıxış edir. Həm Türkiyədən və Pakistandan, həm də Orta Asiya ölkələrindən gələn yüklər üçün bu hava limanı əlaqələrin genişlənməsi və yeni ticarət marşrutlarının formalaşması baxımından əhəmiyyətli rol oynaya bilər. Laçın hava limanı Qarabağ və Şərqi Zəngəzur bölgəsinin nəqliyyat qovşaqlarından birinə çevrilir. Eyni zamanda bu, Azərbaycanın ərazisindəki doqquzuncu hava limanı olmaqla ölkənin nəqliyyat infrastrukturunda önəmli yer tutur. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Laçın Beynəlxalq Hava Limanı əlavə imkanlar təqdim edəcək. Hava limanı turizmin inkişafında da böyük rol oynayacaq. Bu bölgədə yerləşən sağlamlıq mərkəzlərinə gediş-gəliş daha asan olacaq”.
Parlamentari qeyd edib ki. Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir:
“Qarabağ müharibəsi zamanı bir-birini dəstəkləyən və dərin mənəvi bağlara malik olan bu üç ölkənin bayraqları Azərbaycanın ərazilərində birgə dalğalanırdı. Azərbaycan, Türkiyə və Pakistanın həmrəyliyi bu üç dövlət arasında geniş əməkdaşlıq potensialının göstəricisidir. Laçın hava limanının açılışında üç ölkə liderinin iştirakı diplomatik, siyasi və digər aspektlərdən baxıldıqda dünyaya verilən güclü bir mesajdır. Bu strateji üçbucaq beynəlxalq səviyyədə hərbi, siyasi, iqtisadi və mənəvi yardımlaşma sahəsində ciddi nəticələr əldə edə bilər. Azərbaycanın apardığı daxili və xarici siyasət artıq öz bəhrəsini verir. Üç ölkə arasında müdafiə sahəsində qurulan qarşılıqlı münasibətlər Laçında daha da dərinləşəcək. Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də dövlətlərin birliyinin və bu prosesə verilən beynəlxalq dəstəyin strateji əhəmiyyətinin təzahürüdür”.