Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? .....                     Bu gün Azərbaycanda matəm günüdür .....                     "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi .....                     AZAL və FHN birgə MƏLUMAT YAYDI .....                     Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? .....                     Təyyarəmizdə bu nə dəliklərdir? .....                     Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb .....                     “Hələ müəyyən edə bilməyiblər” .....                     Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb .....                     ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                 

Bu gün Şah Babamızın doğum günüdür... - Ondan miras qalan torpaqlara xəyanət etmişik...
Tarix: 17-07-2015, 09:58 | Çap et
[b]Bu gün Şah Babamızın doğum günüdür...
Bu gün Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, Azərbaycan Türkünün qürur tarixinə imza atmış Şah İsmayıl Xətainin doğum günüdür.

Bildirək ki, Böyük Türk oğlu Şah İsmayıl 1487-cidə Ərdəbil şəhərində anadan olub. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

1488-ci il iyulun 9-da atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları - Sultanəli və İbrahimlə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında beş il həbsdə saxlanılır.

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə kifayətlənmir, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.

Bütün bunlar Səvəfi ideologiyasının təkcə Şərqi Anadoluda deyil, Mərkəzi Anadoluda da böyük təsirə malik olduğunu göstərir.

Şah İsmayıl Xətai 36 yaşında həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçür, lakin qısa ömrü ərzində gördüyü işlər ona ölməzlik qazandırır, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırır.

Şah İsmayılın yüksək hərbi istedadı haqqında K.Marks yazır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi."

Şah ismayıl Xətai 1524-cü il mayın 23-də vəfat edib. Nəşi Ərdəbilə gətirilərək, Şeyx Səfi məqbərəsində dəfn edilir.


***

Cəmiyyətin tarixi təbiətin tarixindən hər şeydən əvvəl onunla fərqlənir ki, birincini insanlar yaradır, ikincisi öz-özünə baş verir. Xalqımızın tarixində bu tarixi yaradan görkəmli şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr az olmamışdır. Həmin insanlar tarixin müxtəlif mərhələlərində özlərinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirmiş, kimisi elmi, kimisi qəhrəmanlığı, kimisi sərkərdəlik bacarığı, kimisi də ictimai-siyasi xidmətləri ilə əsrlərin, qərinələrin yaddaşına köçmüşdür. Azərbaycan xalqı tarix boyu onları daim anmış və qürur duymuşdur. Şah İsmayıl Səfəvi bu tarixi şəxsiyyətlər içində ən parlaq simalardan biri olmuş və bu günə qədər belə olaraq qalmaqdadır.

Şah İsmayıl Səfəvinin xidmətlərini araşdırarkən istər orta əsr, istərsə də müasir dövrün bir çox alimləri, haqlı olaraq onun yaşadığı dövrdən başlayaraq bütöv XVI — XVII əsrləri bir çox göstəricilərinə görə Azərbaycanın dirçəliş — renessans dövrü kimi təqdim edirlər. 1501-ci ildə I Şah İsmayıl tərəfindən yaradılmış və iki yüz ilə yaxın mövcud olmuş Azərbaycan Səfəvilər dövləti dünya tarixinə orta əsrlərin ən nəhəng dövləti kimi düşmüş və bu müddətdə, bəlkə də ən böyük nailiyyəti Azərbaycan dövlətçilik ideologiyasını, müstəqil dövlətçilik fəlsəfəsini xalqımızın qan yaddaşına yazması olmuşdur.

Tarix haqqında düşünərkən belə bir fikri yada salıram: «Biz tarixi bir bütöv kimi dərk etməyə çalışırıq ki, bununla həm də özümüzü dərk edək. Tarix bizim üçün xatirələrdir, biz tarixi ona görə öyrənirik ki, orada həm də bizim həyatımızın kökləri, milli genimizin açarı var. Tarix — bir dəfə qoyulmuş özüldür, əgər izsiz — soraqsız yoxa çıxmaq istəmiriksə və insan həyatına öz töhfəmizi vermək istəyiriksə, onunla rabitəni qorumalıyıq».

Tarixi bir vahid kimi qavrayarkən insanda öz-özünü dərketmə dərinləşir: onun mənəvi dünyası, şüurun və yaddaşın gücü ilə tarixə qovuşaraq sanki yüksək bir zirvəyə qalxır. Elə bir zirvəyə ki, oradan təkcə keçmiş yox və təkcə bu gün yox, həm də müəyyən dərəcədə gələcək görünür. İnsan təkcə bunları dərk etmir, həm də özünü başqa prizmadan qiymətləndirir. Nahaq demirlər ki, «keçmiş gələcəyin peyğəmbəridir». Tarixi baxış bizim qarşımızda elə bir güzgü tutur ki, biz keçmişi görərkən özümüzün şəxsi təbiətimizi daha yaxşı başa düşürük: burada əxz ediləsi nümunələr, vicdanımızın tənələri və utancları, tövbəyə və qəhrəmanlığa çağırış, bir sözlə, öz-özünü islahetmə və təkmilləşdirmə var.

Əsrlərin müdrikliyi səslənərək deyir: tarix bizə o şeyi öyrədir ki, onu mütləq öyrənmək lazımdır! İnsan və cəmiyyət üçün keçmişdən gələcək naminə dərs almaq imkanının özü çox vacibdir. Çünki bu, bizə imkan verir ki, bəşəriyyətin tarixi gərdişini saf-çürük edərək bununla da tarixin fəlsəfi konsepsiyasını müəyyənləşdirək. Bunun üçün keçmişin biliklərini, necə keçmişə, eləcə də gələcəyə münasibətdə, müasir dövrün açdığı yeniliklərlə birləşdirmək lazımdır.

Karl Marksın fateh kimi dəyərləndirdiyi heyrətamiz insan Şah İsmayılın həyat tarixçəsinin parlaq səhifələri, xalqına və dövlətinə, doğma dilinə sonsuz məhəbbəti, misilsiz sərkərdəlik şücaətləri, sözün həqiqi mənasında, hər bir azərbaycanlı üçün qürur və şərəf ünvanıdır. «İyirmi üç illik hakimiyyəti dövründə» bu böyük fateh ərazisi 2 milyon 800 min kvadratkilometr olan əzəmətli və müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu kimi tariximizin şanlı səhifələrindən birini yazmışdır. Bu gün Azərbaycan öz tarixinin və tarixi şəxsiyyətlərinin həqiqi sahibinə çevrildiyi, onların müqəddəs ruhu qarşısında günahlarını yuduğu, onların adlarını əbədiləşdirdiyi, irslərini gələcək nəsillərə tanıtmağa başladığı bir vaxtda, hələ xalqı və milləti adına bir quruş dəyərində belə xidməti olmayan Güntay Gəncalp, İskəndər Pala kimi içinə məzhəb ədavəti hopmuş qondarma tarixçilər, cızmaqaraçılar nə haqla və hansı məqsədlə Azərbaycanın şərəf tağlarından bir olan Şah İsmayıl Səfəvinin adına çamur və çirkab atırlar?

Güntay Gəncalpın «Səfəvilər» kitabında çoxsaylı bəsit və ağlasığmaz mülahizələr var. XVI əsr siyasi mühitinin və düşüncə tərzinin necə olduğunu təsəvvür edə bilməyən Gəncalp şiəliyi bayraq edən səfəviləri və xüsusən Şah İsmayılı nəzərdə tutub yazır ki, etnik mənsubiyyət duyğusu səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir. Yəni, Azərbaycan türkləri ilə Osmanlı türkləri arasındakı etnik duyğu. Bu adam başa düşmür ki, hegemonluq uğrunda mübarizədə etnik duyğu ikinci plana keçir. Kim öz taxt-tacını və müstəqilliyini etnik mənsubiyyətinə qurban verər? Məgər amerikalı-ingilis müharibəsində eyni bir millət bir-birini qırıb-tökməmişdir? Bəs o dövr ABŞ və ya İngiltərə hökumətlərini qınayan bir tarixçi varmı? Yox! Dünyada heç bir dövlət öz müstəqilliyini etnik duyğuya qurban verməz, ay Güntay Gəncalp!

Bu günlərdə hörmətli həmkarım, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət xanım Aslanovanın «Sonuncu fateh» romanımın Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş təqdimat mərasimində etdiyi çıxışın bir fraqmenti salonda oturanların ürəyini ağrıtdı. «Nə üçün dünyada fatehlərin və sərkərdələrin heykəlləri adətən at belində, ancaq Şah İsmayıl Xətainin heykəli isə (Xətai rayon ərazisində) oturmuş halda təsvir olunub?»

Rəbiyyət xanım haqlı idi. Doğrudan da, Daşkənd şəhərində Əmir Teymurun, Məşhəd şəhərində Nadir şahın, Moskva şəhərində Yuri Dolqorukinin, Piterdə I Pyotrun, Avropada və ABŞ-da yüzlərlə tarixi şəxsiyyətə qoyulmuş heykəlləri və abidələri misal gətirmək olar. Bütün saydığımız bu şedevr sənət nümunələrində tarixi şəxsiyyətlər şahə qalxmış atların üstündə qoşa obrazlar kimi (at və şəxsiyyət) müdriklik, cəsurluq, əzəmət, qələbə simvolları tək təsvir olunublar.

Bəs Bakının Xətai rayonunda Şah İsmayıl Xətaiyə qoyulmuş abidədə O necə təsvir olunub? Böyük sərkərdə, Azərbaycan dövlətinin yaradıcısı oturaraq başını aşağı dikib. Özü də çox mükəddər, çox dalğın, çox qəmgin və miskin bir vəziyyətdə düşüncələrə dalıb. Görən o nəhəng dövlət xadiminin günahı nə imiş? Görən bu abidənin müəllifi əzəmətli dövlət xadimini və ömrünü atın üstündə başa vuran böyük sərkərdəni bu cür təsvir etməklə nə demək istəyib?

Çoxlarının yadında olar, elə Şah İsmayıl Xətainin abidəsindən təqribən yüz metr irəlidə Azərbaycan xalqının mənfur və qatı düşməni Stepan Şaumyana qoyulmuş heykəl çox coşqun, nikbin və əzəmətli bir vüqarla sanki ağzından od püskürürdü, sanki qaynayırdı. Heykəl mübarizlik və qələbə rəmzinə çevrilmişdi. Hər iki faktın yaranması, əlbəttə ki, «sapı özümüzdən olan baltaların» fəaliyyətiydi, işi idi. Bəs bütün bunlara nə ad vermək olar? Görəsən müəlliflər bu abidələri yaradarkən hansı məntiqi əsas götürüblər?

Bir çox insanlar öz fəaliyyətlərində müəyyən tələbatdan və motivlərdən çıxış edir, müəyyən məqsədlər güdür, ideyaları rəhbər tutur və bununla da düşünülmüş şəkildə hərəkət edirlər. Şah İsmayıla münasibətdə də nəinki belə insanlar, hətta yüksək titullu alimlər də olmuş və bu gün də var. Mən son vaxtlar Güntay Gəncalp, İskəndər Pala kimi insanlara dəstək verən və bunu həm yazılı, həm də internet resurslarında, gənclərimizi, yeniyetmələrimizi çaşdıran müxtəlif çızmaqaralarla bəyan edən insanların özlərini Azərbaycan vətəndaşı saymalarından dəhşətə gəlirəm.

Müxtəlif tarixi məxəzlərə, Azərbaycan tarixinin araşdırıcılarının əsərlərinə yenidən nəzər salıb belə insanlara cavab yazdığım bir vaxtda cağdaş fəlsəfi fikir tariximizin görkəmli nümayəndəsi, böyük dövlət xadimi, akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetində çap olunmuş «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» zəngin tarixi faktlara söykənən dərin məzmunlu əsərini birnəfəsə oxudum və etiraf edim ki, yalnız bundan sonra, neçə gündən bəri qəzəbdən rahatlıq tapa bilməyən qəlbimə bir sakitlik gəldi. Hörmətli akademikin yazdığı bu əsər əslində Şah İsmayıl Səfəvi haqqında, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin banisi barədə dəyərli və sanballı HİMNDİR!

Qəlbimə sancılmış tikanları bir-bir ustufca çəkib çıxaran, əsl alim səbri, Vətən tarixinə yüksək məhəbbət və vətəndaşlıq duyğuları ilə yazılan bu əsər əslində həm də Şah İsmayıl Səfəvinin ruhu qarşısında bir çox alim və yazıçılarımızın müqəddəs borcunun fəlsəfi açıqlaması idi. Filosof bunu çəkinmədən, birmənalı şəkildə belə bildirir: «…İndi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir».

Əslində, alim, vətəndaş, siyasi xadim yanğısından yaranan bu tənqiddə hər birimizin payı var. Çünki Vətənin tarixi, onun qürurverici tarixi, şəxsiyyətlərinin həyatı və fəaliyyəti elə bir dəyərdir ki, vaxtdan və zamandan asılı olmayaraq, onun milli özünüdərkdə rolu heç nə ilə müqayisəyə gəlmir.

Müasir müstəqil Azərbaycanın görkəmli siyasi xadimlərindən biri olan akademik Ramiz Mehdiyev həm siyasətçi, həm də alim kimi Azərbaycan dövlətçiliyi tarixində, ilk növbədə, Şah İsmayılın milli-siyasi əzəmətini ön plana çəkmiş və sübut etmişdir ki, müasir müstəqil Azərbaycan dövləti həm də məhz Şah İsmayılın xidmətlərindən biridir. Bu gün Şah İsmayıl Səfəviyə qarşı edilən hücumlar, əslində, məmləkətimizə, müstəqilliyimizə qarşı mənfur hücumdur. Akademik haqlı olaraq bildirir ki, bu sahədə böyük boşluq var və elə bunu bilərək bədxahlarımız öz sərsəm, cəfəng fərziyyələrini bizə, vətəndaşlarımıza sırımağa çalışırlar.

70 illik sovet ideologiyası və qadağalarının vurduğu zərbələrdən sonra bu cür məqsədli ideoloji hücumlar, həm də qardaşlığa iddialı olan adamlar tərəfindən təpkilər, açıq düşmənçilik məramlarını gizlətməyənlərdən daha qorxuludurlar. Hansı xalqdan olur-olsun, heç bir fərd, heç bir ölkənin nəinki yazarı, tarixçisi, hətta dövlət adamı belə bizim dəyərlərə münasibətdə mənliyimizə toxunacaq söz belə işlətmək haqqında deyil. Ən azından biz kimlərinsə boyunduruğundan ona görə azad olmamışıq ki, indi də bir başqası bizim milli-mənəvi dəyərlərimizə, ulularımıza həqarətlə baxıb mənliyimizi aşağılasın. Ötən əsrin sonlarında əzəli Azərbaycan torpaqlarına ermənilərin iddiası, Topxana meşəsinin qırılması, tarixi abidələrimizə vandal münasibət bizi nə qədər qəzəbləndirirdisə, Şah İsmayıla hörmətsizlik, onun şəxsiyyətini aşağılayan böhtan və hərzəvü-hədyan bizi bir o qədər dərindən hiddətləndirməlidir. Unatmayaq ki, bu torpaqlar onun qurduğu böyük Azərbaycanın çox kiçik bir parçası, qiymətli yadigarıdır.

Gəlin bir reallıqla razılaşaq ki, tarix hər dövrdə yeni münasibətdən araşdırıla bilməz. Bu, çox asanlıqla yanlışlığa və qərəzliliyə aparıb çıxaracaq. Həyata başlayan hər yeni nəsil tarixi yenidən başlamır, sadəcə, öz xələflərinin başladığı işi davam etdirir.

Səfəvilər hərəkatına və Şah İsmayıl Səfəviyə yetərincə yüksək dəyər verən hörmətli filosof alimimiz Ramiz Mehdiyev haqlı olaraq bildirir: «Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir…»

Maraqlıdır, görəsən nədən Şah İsmayılın tarixi rolunu belə cidd-cəhdlə azaltmağa çalışırdılar və indi də bunu içimizdən olan, ancaq milli heysiyyəti korşalmış şəxslər etməyə çalışırlar? Akademik Ramiz Mehdiyev bu suallara da tam obyektiv olaraq cavab verir və «bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir» yazan Güntay Gəncalpın heç bir qiymətləndirmədə obyektiv ola bilməyəcəyinin elə bu sözlərlə təsdiqlədiyini göstərir. Amma təkcə Güntaymı? Əlbəttə, yox! Akademik Ramiz Mehdiyevin yazdığı kimi, «yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər… Lakin Şah İsmayılın böyük irsi qarşısında bu «dəlillər» çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir».

Axı Şah İsmayıl Səfəvi təkcə Azərbaycan tarixinin yox, ümumdünya tarixinin tanınmış dövlət xadimlərindən, siyasi şəxsiyyətlərindən biri olmuşdur və bu gün də belədir. Bu tarixi şəxsiyyət təkcə praktik və siyasi xadim yox, həm də dərin zəka sahibi, nəyi və nə zaman etməyi bilmiş, kütləni arxasınca aparmağı bacarmış mənəvi lider olmuşdur. O, intuitiv olaraq tarixi zərurəti hiss etmiş, başa düşmüş və ilk baxışdan bu mənada fəaliyyətində və hərəkətlərində azad olmuşdur. Ancaq belə ümumdünya tarixi şəxsiyyətlərinin faciəsi ondadır ki, «onlar özlərinə məxsus deyillər, onlar, sadə fərdlər kimi, yalnız dünya ruhunun silahı, həm də nəhəng silahıdırlar».

İ.A.İlinin sözlərinə görə, xalq ayrı-ayrı və səpələnmiş böyük çoxluqdur. Amma buna baxmayaraq, onun gücü, enerjisi, onun varlığı və özünütəsdiqi birlik tələb edir. Xalqın birliyi isə aydın iradə ruhunun təcəssümü olan vahid mərkəzin, iti zəka və soyuq məntiqi olan, xalqın hüquqi iradəsini və dövlətçilik ruhunu ifadə edə bilən şəxsiyyətin varlığını tələb edir. Cadar olmuş torpağın yaxşı yağışa ehtiyacı olduğu kimi, xalqın da müdrik liderə ehtiyacı var!

Xalqın, millətin artıq çoxdan yetişmiş vahid dövlətə olan tələblərini reallaşdıran Almaniyada O.Bismark, İtaliyada C.Haribaldi və kral II Viktor İmmanuel və əlbəttə ki, Şah İsmayıl Səfəvi, eləcə də Heydər Əliyev kimi şəxsiyyətlərin tarixdə yeri haqqında danışarkən, ilk növbədə, şəxsiyyət və zaman anlayışları haqqında düşünmək lazım gəlir.

Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək və mərkəzləşdirilmiş dövlət qurmaq olmuşdur. Burada zərurətdən doğan bir deyim yada düşür: «Məqsəd vasitəyə bəraət qazandırır». Hərçənd bəraət qazandırılası bir qəbahət yoxdur. Sadəcə, nəsillərin arzusu, istəyi reallaşsın deyə gənc, cəsarətli və vətənpərvər bir şah, sərkərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmişdir.

Bir çox mənbələrdə, o cümlədən hörmətli Ramiz müəllimin istinad etdiyimiz məqaləsindəki mənbələrdə də göstərilir ki, «Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq, məhz bu əsas məqamı diqqətdən qaçırırlar… Bu məqsədlə İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər silahlı mübarizəyə başlamış və bu mübarizədə onlar hər ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin nümayəndələri tərəfindən müvəqqəti alınmışdı».

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli tarixi mənbələrə istinadla yazdığı və internet saytında yerləşdirdiyi tədqiqat xarakterli məqaləsində göstərir ki, «Azərbaycanın siyasi, ictimai həyatında və fəlsəfi-ədəbi fikir tarixində mühüm rol oynamış «Səfəviyyə» XII əsrdən sonrakı sufi təriqətləri içərisində xüsusi fəallığı ilə seçilirdi. Lakin Səfəvilərin dövlət hakimiyyəti bərqərar olana qədər keçdiyi 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Bir çox mənbələrdə Şeyx Səfiəddinin ali məramının dövlət qurmaq olduğu da açıqlanır. Lakin bu siyasi məram uzun müddət, hətta Şeyx Cüneydə qədər xəlifələrdən belə gizlin saxlanmış və yalnız Cüneydin vasitəsilə bütün müridlərə çatdırılmışdır».

Unutmaq olmaz ki, «Azərbaycan nəinki sufi cərəyanlarının cəmləşdiyi ərazi olmuş, eyni zamanda, bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən «Xürrəmilik», «Hürufilik», «Səfəviyyə» kimi təriqətləri bəxş etmişdir. Bu təriqətlər içərisində xüsusi olaraq seçilmiş «Səfəviyyə»nin özülündə yaranan «Qızılbaşlıq» hərbi-siyasi-dini (sufi) doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi bir dövlət qurulmuşdur…

Və o da tarixi mənbələrlə sübut olunmuşdur ki, Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların «Qızılbaşlıq»a sadiq olmalarıydı».

Şeyx Səfiəddinin dövlət qurmaq ideyasının daşıyıcısı olması bir çox türk qaynaqlarında da öz əksini tapır. Belə qaynaqlardan birinin müəllifi Türkiyənin orta əsrlər tarixinin araşdırıçısı Yusuf Küçükdağ «Osmanlı devletinin Şah İsmailin Anadoluyu Şieleştirme çalışmalarını engellemeye yönelik önlemeleri» məqaləsində qaynaqlara istinadən yazır ki, «Anadolunun qədim türk inanclarını müqəddəs sayan çoxlu sayda türkləri Ərdəbilə onu ziyarətə gedirdilər. Bunun nəticəsiydi ki, Səfəvi xanədanı özünün dövlət qurmaq fəaliyyətində ən böyük dəstəyi həm də onlardan görmüş və sonradan göstərilən bu dəstək də Şah I İsmayılın hakimiyyətə gətirilməsində az rol oynamamışdır».

Məqaləni hazırlayarkən Şah İsmayılın hakimiyyətə gəldiyi dövrü, hətta buna qədər digər azərbaycanlı sərkərdə Nadir şahdan bəhs edən «Sonuncu fateh» tarixi romanım üzərində işləyərkən çoxlu tarixi mənbələri araşdırdım və bu zaman ağlıma gələn ilk mənzərə müasiri olduğumuz müstəqil Azərbaycanın 1990-cı illərin əvvəllərindəki vəziyyəti oldu: xaos, anarxiya, bölgələrdə yaradılmış silahlı dəstələr arasında çəkişmələr, başsız qalmış məmləkətimiz yada düşdü. XV əsrin sonlarına yaxın Təbrizdə 10 ilə 8 hökmdar dəyişmişdisə, 1990-cı illərin əvvəllərində 3 ilə 4 hakimiyyət dəyişikliyi baş vermişdi və məlumdur ki, bunların hamısı silahlı çevriliş yolu ilə reallaşmışdı. Və ölkəni belə fəlakətli vəziyyətdən ümummilli lider Heydər Əliyevin qurtardığını bizim nəsil yaxşı bilir, çünki bu müasir dövrün tarixidir. Ancaq bu tarixi gerçəklikləri də başqa konteksdən təqdim etmək istəyən, Heydər Əliyevin misilsiz xidmətlərini adiləşdirmək istəyənlər var. «İsmayıl Səfəvi və onun yaxın ətrafı ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara alan vaxtda da belə bir kədərli mənzərə vardı».

Tarixdə elə məqamlar var ki, bəzən onların baş verməyəcəyi təqdirdə hadisələrin hansı sonluqla bitəcəyi insan düşüncəsinə sığmır. Əgər Şah İsmayıl olmasaydı, onun hələ qurmadığı böyük və ya kiçik Azərbaycan ola bilərdimi? O Azərbaycan ki, məhz Şah İsmayılın dövründə ərazisi 2 milyon 800 min kvadratkilometr (bəzi mənbələrdə 3 milyon 500 min — H.M.) idi, indi isə ancaq de-yure 86 min kvadratkilometr qalmışdır. Əgər ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasaydı, Azərbaycanın bu ərazisindən nə qalacaqdı? Etiraf edək ki, bütün bunları izah etmək və konkret nəticəyə gəlmək o qədər də sadə məsələ deyil!

Dünya tarixinə nəzər salaq: Tarixdə ən böyük köçəri imperiya bir dəfə mövcud olmuşdur (baxmayaraq ki, uzun zaman bu, potensial olmuşdur) və onun yaranması imkanları, həmçinin sonrakı uğurları konkret bir şəxsiyyətdən — Çingizxandan asılı olmuşdur. Bununla belə, Çingizxan özünü böyük xan elan edənə qədər üç dəfə ölümdən qurtarıb. Hətta bir dəfə 300 süvari onu daban-dabana izləyərək ələ keçirməyə çalışmışdır («Hara-Davan», 1996. səh.105). Əgər o, öldürülsəydi, nəhəng imperiyanın yaranacağından bu gün dünya belə danışardımı?

Belə vəziyyətlərdə düzgün nəticə hasil etməyin çətinliyi təkcə onunla bağlı deyil ki, tarix felin lazım formasını tanımır. Ona görə də nəinki təfəkkürünə məzhəb ədavəti hopmuş Güntay Gəncalp, İsgəndər Pala kimilər, hətta məşhur tarixçilər belə bu kontrfaktual tarixi məqamları izah etməkdən yan keçirlər.

Doğrudur, hər hansı siyasi hadisə, saray çevrilişi, fəlakət tarixin əsas gedişinə ciddi təsir göstərməmişdir. Ancaq Şah İsmayılın tarix səhnəsinə gəlməsi və bir fateh olaraq mərkəzləşmiş Azərbaycan dövləti yaratması bəşər tarixinə təsirsiz ötüşən hadisə olmamışdır.

Tarixin fəlsəfəsinin mühüm ideyalarından biri ondan ibarətdir ki, cəmiyyətdə insanların əbədi və ümumi təbiətinə söykənən təbii qanunları mövcuddur. Bu yerdə Şah İsmayılın tarixi şəxsiyyət kimi həyatı da çox böyük maraq doğurur. Bu cəhətdən diqqətçəkən tarixi mənbələr sırasında fransız tarixçisi Jan Obenin «Səfəvilərin dini siyasəti» və «Şeyx və Şah» əsərlərinə müraciət etmiş alimlərimizdən N.Məmmədovanın araşdırmalarına nəzər saldıq. Jan Oben Səfəvi dövlətinin qurucusu kimi Şah İsmayılın şəxsiyyətinə olan dərin marağı, məqalələrində müəllifin o dövrün salnaməçilərinə istinadən bu şəxsiyyətin uşaqlıq illərinin də müəyyən məqamlarını verməklə aydın görünür: «O hər zaman əlində tutduğu yay və oxla toyuqlara, qazlara və ev ördəklərinə atəş açardı. Bütün gənc müsəlmanlar kimi İsmayıl Ləhicanda Quranı əzbərdən söyləməyi öyrənmişdi və onu əhatə edən türkmanlardan yüksək mədəniyyəti ilə seçilirdi. O, tam ilahi bir varlıq idi, heç vaxt, hətta uşaqlıqda belə kimdənsə məsləhət qəbul etmirdi. Ona görə də hamı fikirləşir ki, onun hər bir hərəkəti — ilahi bir vergidir».

J.Obenin istinad etdiyi digər bir italiyalı Françesko Romano isə yazırdı: O, (Şah İsmayıl — H.M.) təhsilli, təmkinli və müdrik, çox çalışqan, çox təcrübəlidir. O, nə gizlin, nə də aşkar şərab içir. Var-dövlətə etinasızdır və səxavətlidir». İsmayılın müasirlərinə istinad edən tədqiqatçı onu da yazır ki, «qızıl, əmlak və bu dünyanın var-dövlətinin onun nəzərində heç bir dəyəri yox idi. Əksər vaxtlarda onun xəzinəsi boş olardı, nə daş-qaş, nə də pul olardı. O, qızıl, var-dövlət yığmırdı, ancaq elə xərcləyirdi ki, çoxları elə düşünürdü, o, gizli bir xəzinə sahibidir. Ona xoşladığı bir əşyanı gətirəndə, onun dəyərinin iki, üç qatını ödəyirdi».

J.Oben Şah İsmayılın Səfəvi döyüşçüləri arasında yüksək nüfuzu olduğunu və çox sevildiyini də onun müasiri olmuş, Səfəvilərin düşərgəsində qalmış Antonio Tenreirin qeydlərindən sitat gətirməklə belə göstərir: «Biz düşərgədə durub siqaret çəkəndə köçəri qızılbaşlar — qadınlar və kişilər dəstə-dəstə bura gəlirdilər. Onlar düşərgəyə böyük coşqu, alqış söyləyə-söyləyə daxil olurdular. Onların gəlişi ilə Sufi (Şah İsmayıl — H.M.) xəncər belində çadırdan çıxdı. Onlar şahı görəndə dərhal ayaqları altında qurban kimi inək kəsdilər və ucadan qışqıraraq bildirdilər ki, bundan sonra həyatda heç bir şər qüvvə onları izləyə bilməz. Atı, ayğırı və ya gözəl qızları olanlar bunu İsmayıla təklif edirdilər. Onlar bundan zövq alır və razı qalırdılar. O (Şah İsmayıl — H.M.), gözəl, gənc, saqqalsız, şən və gülərüz, çox mehriban çöhrəsi olan bir oğlan idi. Biz onunla düşərgədə olarkən bunu çox görmüşdük». Səfəvilər dövlətində bu cür münasibəti sonradan bir Venesiya kuryeri Mikel Membranın I Şah Təhmasibin qərargahının təsvirində də görürük.

Şah I İsmayılın xarici görünüşündən bəhs edərkən Y.Şokriyə istinad edən J.Oben yazır: «I Şah İsmayıl ağdərili, cox cəlbedici idi, ortaboylu, enlikürək, şabalıdı saçları vardı». Xətai ləqəbinə gəlincə isə avropalı alim V.Minorski Xuzaniyə istinadən yazır ki, «İsmayıl 1508-ci ildə Kərbəlanı ziyarət etdikdən sonra şair kimi özünə «Xətai» ləqəbini götürdü».

Şah İsmayıl Səfəvini Qızılbaş dövlətinin dini lideri kimi göstərməyə çalışan Jan Oben bizə bir çox başqa mənbələrdən məlum olan faktları qeyd edərək yazır ki, Səfəvilər İmam Əli nəslinə bağlıdırlar. O da məlumdur ki, bu şəcərə qohumluğu Səfəvi tərəfdarları tərəfindən düşünülmüşdü və «bu dövrdə şiəliyin geniş yayıldığı xalq kütlələrinə təsir göstərmək» məqsədi daşıyırdı. Professor O.Əfəndiyevin əsərlərində də qeyd olunur ki, Şah İsmayıl «şiəliyi dövlət dini elan etməklə, Ağqoyunlu dövləti ərazisindəki bütün əhalini özünə tərəf çəkə bildi və bu da onun bu əraziləri ələ keçirməsini asanlaşdırdı».

J.Obenin məqalələrində də bu fikir təsdiqlənir. O, İsmayılın şiəliyi seçməsini belə əsaslandırır: «Özünün hərbi-siyasi məqsədlərini həyata keçirmək üçün və geniş xalq kütlələrini öz tərəfinə çəkmək məqsədi ilə o, şiəliyi seçdi və onu bütün ölkə ərazisində hakim dini məzhəb elan etdi».

İsmayılın dini lider kimi nüfuzundan bəhs edən müəllif öz məqaləsində XVI əsrin italyan səyyahı Françesko Romanonun qeydlərindən sitat gətirir: «Bəziləri deyir ki, o, Allahdır, başqaları isə onu Peygəmbər hesab edir. Bütün döyüşçülər deyirdi ki, o, ölməz və əbədi yaşayacaq». J.Obenin Osmanlı ordusundan olan fransız fərarisinə istinadən yazdıqları da diqqət çəkir: «Sufi (Şah İsmayıl — H.M.) imam Əliyə biət edir. Onlar hamısı Sufini sevir, onu müqəddəs və peyğəmbər hesab edirlər. O öz çadırlarında ibadət edən gənc döyüşçüləri gördü… Onlar Sufini Məhəmməd (Peyğəmbər ə.s.) qədər sevir, ona şah, şahzadə kimi müraciət etmir, müqəddəs və peyğəmbər hesab edirlər».

J.Obe Şah İsmayılın avropalı müasirlərindən olmuş və 1505-ci ildə Səfəvi dövlətinə səfər etmiş Giovani Roto o-Doqun yazdıqlarının da bu fikri təsdiqlədiyini bildirir: «O, Peyğəmbər kimi, həm də nüfuzu xatirinə üzünün rübənddə, bağlı görünməsini istəyirdi. İnsanlar düşünürdülər ki, İsmayıl Allah tərəfindən göndərilib, yalnız sufi fəlsəfi məktəbi onlara cənnət bəxş edə bilər və bütün düşmənləri məhv edər». Rotonun bu deyimi O.Əfəndiyevin monoqrafiyasında da əksini tapıb.

Venesiyalı diplomat Konstantin Laskari Şah İsmayılın şəxsiyyəti və nüfuzu ətrafında yaranan söhbətlərə aydınlıq gətirmək üçün yazır: «Mən qərara gəldim ki, bunu yazım, çünki bu barədə məndən çox tez-tez soruşurlar ki, həqiqətənmi Sufi peygəmbər möcüzələr yaratmağı bacaran insandır? Həqiqətənmi o, qeyri-adi ağıla malikdir? Mənim bu insanlara cavabım belədir: bu cənab sadə bir insandır, öz qohumluq əlaqələri sayəsində fars (əslində, Azərbaycan — H.M.) imperiyasının hökmdarı olmuşdur. O da tamamilə doğrudur ki, o özünün böyüklüyünə və müqəddəsliyinə əmindir».

Şah İsmayılın fəaliyyətini Avropa dövlətləri çox diqqətlə izləyirdilər. Onların müxtəlif ölkələrdəki səfirləri və əslində, xəfiyyələri Səfəvi hökmdarının hər addımı barədə ölkələrinə müntəzəm məlumat ötürürdülər. 1502-ci il oktyabrın 7-də Venesiyanın Şərqdəki konsullarından biri Zuan di Tabia yazırdı ki, «Sufi (Şah İsmayıl — H.M.) xristianlardan artilleriya almaq fikrindədir». Digər bir venesiyalı diplomat Andrea da Çavidal Hələbdən Dəməşqə sufilər üçün qırmızı parça almağa gələn tacirlərə istinad edərək öz hökumətinə yazırdı: «Sufi bir çox mühüm yerləri zəbt edib; hamı əmindır ki, bu Sufi çox asanlıqla və sürətlə İranla sərhəd olan bütün ölkələri zəbt edəcək və böyük bir dövlət quracaq».

İ.Petruşevski Səfəvilər şahı haqqında tarixi mənbələrdən danışarkən öz dövrünün böyük tarixçilərindən, ləqəbi Xandəmir olan Qiyasəddin ibn Humaməddin əl-Hüseynin, sultan Hüseynə və Şah I İsmayıl Səfəviyə həsr etdiyi «Həbib-əs-siyyar» («Tərcümeyi-hal dostu») əsərini çox yüksək qiymətləndirir. Tarixçinin mədhiyyə üslubunda yazdığı əsərdə Şah I İsmayıl adətən «dünyanın dörddəbirinin hökmdarı», «dünyanın tabe olduğu hökmdar», «xilafətin varisi», digər padşahlar isə hakim və ya vali adlandırılır. Xandəmir əsərdə İsmayıl şahla müharibə aparan «hakimlərə» «üsyançı» kimi baxır.

Dövrünün məşhur tarixçisi, Səfəvilər sarayının nəhəng tarixşünaslarından biri, əslən Azərbaycanın köçəri türkman tayfalarından olan Münşi («katib») ləqəbi almış İsgəndər bəy Türkman isə «Tarixi aləmarayi Abbasi» («Abbasın dünyanın bəzəyən tarixi») əsərində Şah I İsmayılı «Süleymana («İncil»dəki Süleyman peygəmbərə) layiq hökmdar», «Süleymana bərabər hökmdar» kimi təqdim edir.

Mənbələrdən birində göstərilir ki, vassal sultanlardan hansısa Şah İsmayıla dostyanə bir məktub yazır və onu əyləndirsinlər deyə bir dəstə də rəqqas göndərir. Bunun cavabında Şah İsmayıl deyir: «Mən döyüşlər nəriyəm və bu cür «müsahiblərə» ehtiyacım yoxdur. Mən istərdim rahatlıq bilmədən at üstündə Vətənin ətrafına dolanım».

Çox mühüm bir məqam da Şah İsmayılın qurduğu Səfəvi dövlətində tolerantlığın qorunmasıdır ki, bunu da bir neçə məqamla diqqətə çatdırmağı vacib hesab edirəm. Hörmətli akademik Ramiz Mehdiyev də qeyd edir ki, «Vahid sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin müxtəlifliyi imperiya hüdudlarında onlarla millətin yaranmasına yalnız imkan vermişdi. Bu imkanın gerçəkləşdirilməsi üçün təkcə etnik yox, digər amillərin — ən başlıcası iqtisadi və siyasi amillərin təsiri zəruri idi».

mənbələr göstərir ki, «Səfəvi dövlətində sünnilərin kəskin təqib olunmasına baxmayaraq, Şah İsmayıl xristianları himayə edirdi». Bu, təkcə Səfəvi dövlətinin Qərbi Avropa dövlətləri ilə yaxınlaşması üçün həyata keçirdiyi xarici siyasət kursu ilə bağlı deyildi. Gəlin unutmayaq ki, İslam, onun şiə məzhəbi xüsusilə digər səmavi dinlərə həmişə hörmətlə yanaşıb. Çünki İslamın müqəddəs kitabı Qurani-Kərimdə belə buyurulur. Bir halda ki Şah İsmayıl həm də qızılbaşların dini lideri idi, o bunu bilməmiş və buna əməl etməmiş olmazdı.

Yeri gəlmişkən burada bir məsələyə də toxunmaq istərdim ki, bu da bir çox diletant «alimlərin» Səfəvilər nəslini və xüsusilə I Şah İsmayılı gah fars, gah da kürd kimi təqdim etmələridir. Əlbəttə, biz azərbaycanlılar üçün bu, qürurverici bir haldır. Lakin tarix tarixdir və onu yaradan şəxsiyyətlərin mənsubiyyətini təhrif etmək olmaz. Hərçənd İ.Petruşevski, V.Minorski, O.Əfəndiyev, Z.Bünyadov və dünyanın bir çox tanınmış alimləri bu fərziyyələrə, qarayaxmalara tutarlı tarixi faktlarla çoxdan cavab vermişlər. Amma bunu bir neçə tarixi mənbədən təkrar qeyd etməyimiz tam yerinə düşür.

Mənbələrdə qeyd olunan maraqlı faktlardan biri odur ki, faşist ideoloqlarından olan Valter Hints «Səfəvilərin fatehlik səylərini «iranlı arilərin «hərəkatı» kimi təqdim etməyə çalışmış və xüsusi «tədqiqat» apararaq, Səfəvilərin damarlarında guya daha çox «arilərin qanının axdığını» bildirmişdir. Əlbəttə, bu haqda diskussiya açmağa belə dəyməz, çünki bu, tarixin tipik faşist falsifikasiyasından başqa bir şey deyildi. Bu yerdə belə cəfəngiyat yazanlara İ.Petruşevski qəti şəkildə bildirir ki, «XV əsrdə Səfəvilərin fəaliyyəti daha böyük şəkildə qızılbaşlarla və Azərbaycanla bağlı olmuşdur».

Sufizmin tanınmış fransız tədqiqatçısı Massinion də hesab edir ki, Səfəvi ordeni məhz «dərviş ordeni Şihabəddin Sührəvərdinin azərbaycanlı qanadıdır».

İ.Petruşevski yazır: «Yeni yaranmış dövləti …çox tez-tez sadəcə Səfəvilər və ya Qızılbaş dövləti (dövləti-Qızılbaş) adlandırırdılar».

Bununla bir daha sübut olunur ki, səfəviyyə təriqəti mərkəzləşmiş Azərbaycan dövlətini yaratmaqla siyasi məqsədini tam gerçəkliyi ilə meydana qoymuşdur.

İ.Petruşevski tədqiqatlarında yazır: «Şeyx Səfiəddinin XIV əsrin ikinci yarısında tərtib olunmuş tərcümeyi-halında qeyd olunur ki, Şirvanşah II Axsitan (XIII əsrin sonunda) Səfəvi ordenini kəndliləri əkin-biçin işindən sərgərdan etməkdə günahlandırır (Bu faktı tarixçi dərviş İbn Bəzzaz da öz əsərində göstərir — H.M.). Müridlərin arasında çoxlu sənətkarlar var idi: onlardan (müridlərdən) bəziləri sənətkarlarla bağlı olan və zülmkarları öldürməkdə tanınmış «əxi» (ərəbcə «axi»- «qardaş») ittifaqının üzvləri idilər. Ancaq XIV əsrin ikinci yarısında orden özünün sosial simasını dəyişdi və ordenin başına feodal elementlər gəldilər. Artıq Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddin (1392-ci ildə ölüb) çox böyük torpaq sahibi idi. Nə o, nə də onun oğlu və varisi şeyx Xocaəli (1427-ci ildə ölüb) hələ Ərdəbil vilayətinin sahibi deyildilər. Ancaq İbrahim Şeyxşah (1447-ci ildə ölüb) artıq Ərdəbilin feodal sahibi idi. Ərdəbildə Qızılbaşlar dövlətinin əsasına çevrilən Şeyx Səfəvilərin dini knyazlıqları belə yarandı».

Müəllifləri İ.V.Piqulevskaya, A.Y.Yakubovski, İ.P.Petruşevski, L.V.Stroyeva və A.M.Beleniski olan «İstoriə İrana s drevneyşix vremen do konüa XVIII veka» tarixi əsərində də qeyd olunur ki, «ilk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olub. Onlar çox böyük nüfuza malik idilər və onların təkcə Azərbaycanda yox, Qərbi İranda (İsfahanda və s.), xüsusilə Rumda da (Kiçik Asiyada) müridləri vardı…

XV əsrdə Səfəvilərin əsas dayağı Azərbaycan dilində danışan köçəri türk tayfaları idi. Onlar müxtəlif yerlərdən idilər, əksər hissələri Azərbaycan və İrana Kiçik Asiyadan, Osmanlı sultanlarına düşmənçilik üzündən və siyasətə neytrallıqdan köçüb gəlmişdilər. İlkin olaraq onlar yeddi tayfadan ibarət idilər — şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, vilkadar. Onlardan yalnız şamlı və rumlu tayfaları tam şəkildə Səfəvilərə tabe idilər. Sonra bu tayfalar ümumi bir ad altında birləşdilər».

Digər bir mənbədə İ.Petruşevski qeyd edir ki, «Qərbi Avropanın bir çox burjua şərqşünasları bu dövlətdə (dövləti-Qızılbaşda — H.M.) fars milli dövlətini görmüş və görməkdədirlər (Yüzillər keçməsinə baxmayaraq, təəssüf ki, indi də bu yanlış yanaşma qalmaqdadır — H.M.). Bu, çox böyük səhvdir. Səfəvilər dövləti türkdilli Azərbaycan tayfaları — qızılbaşlar tərəfindən yaradılmışdır, İran elementləri XVI əsrin başlanğıcındakı hadisələrdə çox passiv rol oynamışdır. Və demək olar ki, bütöv bir yüzillikdə, I Şah Abbas islahatlara başlayana qədər dövlətə rəhbərlik köçəri (daha dəqiq, yarımköçəri) qızılbaş əsilzadə hərbçilərinə məxsus olmuşdur.»

Bu da tarixin sübuta ehtiyacı olmayan reallıqlarından biridir ki, «Şah İsmayıla qədər Azərbaycan hökmdarlarından heç biri bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və ideoloji bayraq altında birləşdirə bilməmişdi». Əslində ondan sonrakı bəzi maraqlı qüvvələr son dövrlərə qədər Şah İsmayılın Böyük Azərbaycan ideallarını nə dərk edə bilmiş, nə də qurduğu bu böyük Azərbaycanı — Fars körfəzindən Dəmirqapı Dərbəndə qədər olan dövləti qoruyub saxlaya bilmişlər. Səfəvilərdən sonra Azərbaycan ərazisində qurulan dövlətlərin bu böyük ideallara sadiq qala bilməməsi, bir məmləkətdə yüz yerə bölünmələri, düşmənçilik edib bir-birinə silah çəkmələri yüzillərlə xalqımızı yadellilərin boyunduruğu altına salmışdır. Bunun günahını Şah İsmayılda axtarmaq nə dindən, nə imandan, nə də insafdandır.

Sual olunur ki, Osmanlı imperiyası ilə Səfəvi dövləti arasında yaranan qarşıdurma və sonra Çaldıranda keçən döyüşün səbəbi nədir? Əslində, məhz bunun mahiyyətini aça bilməyən, əksər hallarda başa düşmək istəməyən söz adamları bu gün Şah İsmayılı Osmanlı imperiyasını zəiflətməkdə və bir çox həqiqətdən uzaq məsələlərdə suçlayırlar.

Ona görə də Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün, hörmətli akademikimiz Ramiz Mehdiyevin qeyd etdiyi kimi, «əsas diqqəti böyük dövlət xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin təhlili üzərində cəmləşdirmək lazımdır. Bu, Səfəvilərin ideoloji doktrinasını başa düşmək üçün müəyyən baza yaradır…

Ağqoyunlunun ərazisində daha geniş əraziyə malik və hərbi-siyasi cəhətdən daha güclü Səfəvilər dövlətinin meydana gəlməsi Osmanlı imperiyasının Şərqə doğru genişlənməsi yolunda çox ciddi maneə demək idi. Beləliklə, Qara dəniz sahillərindəki məşhur ticarət mərkəzlərinin yerləşdiyi Şərqın müxtəlif şəhərlərini birləşdirən, həmçinin Uzun Həsənin və Sultan II Məhəmmədin hökmranlığı dövründə Bursanı, İstanbulu və Qara dənizi Avropa ilə bağlayan ənənəvi karvan yollarına sahib çıxmaq uğrunda mübarizə Səfəvilərin hakimiyyətə gəlişi ilə daha da kəskinləşdi…

Səfəvi dövlətinin güclənməsi Osmanlı imperiyasının ilhaqçılıq siyasətinə zidd idi. Ona görə də XVI əsrin əvvəllərindən Səfəvilərlə Osmanlı arasında münasibətlər kəskinləşməkdə davam edirdi…»

Bir çox mənbələrdə hətta bu nəhəng dövlətlər arasında münasibətlərin gərginləşməsində Roma papası X Levin də «xüsusi xidmətləri» qeyd olunur. O özünün Avropa dövlətlərinin başçılarına məktubunda Azərbaycan — Osmanlı münasibətlərinin kəskinləşməsini «Allahın xristian dünyası üçün yaratdığı əlverişli məqam» kimi qiymətləndirirdi.

Doğrudur, Osmanlı imperiyası ilə mərkəzləşmiş Səfəvi dövləti arasında dini şüarlar altında məzhəb müharibəsi getsə də — türklər şiəliyi, Səfəvilər isə sünniliyi kafirlik hesab etsələr də — əslində böyük bir regiona — Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək uğrunda mübarizə gedirdi. Tarixçilərin yazdığı kimi, məhz XVI əsrin əvvəllərində Səfəvi dövləti Osmanlı imperiyasının qarşısında çöx nəhəng bir maneə idi.Türk tarixçisi İ.T.Öztuna bu dövrü tədqiq edərkən belə qənaətə gəlir ki, Səfəvi dövləti öz nəhəngliyinə görə Osmanlı imperiyasından sonra dünyada ikinci olmuş və «bu osmanlıların təhlükəli düşməninə çevrilmişdi. Səfəvilər osmanlıların istilaları yolunda maneə yaratmışdılar və onlara təhlükə yaradırdılar. Əgər Səfəvi səddi olmasaydı, osmanlıların İtaliyada, Almaniyada qarşısını almaq çox çətin olardı». Məhz həmin ərəfədə Səfəvi dövlətinin əhatə etdiyi ərazilər Osmanlı imperiyasının ərazilərindən çox idi və «3 milyon 500 min kvadratkilometr» (Y.Mahmudov — «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı — XVII əsrin başlanğıcı»)) təşkil edirdi.

Əslində hər iki tərəf müharibəyə ciddi şəkildə hazırlaşırdı. Osmanlı imperiyasının arxasında cərəyan edən bütün hadisələri də Avropa dövlətləri çox diqqətlə izləyirdilər. Türkiyədə sultanlıq uğrunda gedən mübarizələrin fonunda «… inkişaf etməkdə olan Ağqoyunlu dövlətinin ərazisində qızılbaşlar hərəkatının sürətlə yüksəlişi və Şah İsmayılın ilk hərbi uğurları Qərbi Avropada müəyyən canlanmaya səbəb olmuşdu. Roma papaları Türkiyəyə qarşı «səlib yürüşlərinin» təbliğatını yenidən genişləndirməyə başlamışdılar». Hətta belə yürüşlərin təşkili üçün papa Aleksandr IV Borcia 1500-cü ildə, ali din xadimlərinə, hətta kardinallara və papa dəftərxanasının nümayəndələrinə şamil edilən, yeni onluqların toplanması üçün xüsusi bulla (Roma papalarının xüsusi fərmanları, fətvaları — H.M.) verdi.

Mənbələrdə göstərilir ki, «Osmanlı imperiyası ilə mübarizədə özünün ənənəvi müttəfiqi olan Ağqoyunlunun ərazilərində yeni, daha güclü və əzəmətli Səfəvi dövlətinin yaranması xəbərini, bu ərəfədə Türkiyə ilə müharibə şəraitində olan Venesiya Respublikası da şadyanalıqla qarşıladı».

Yeri gəlmişkən, Səfəvi dövlətinin diplomatik münasibətlər qurduğu ilk ölkə də Venesiya Respublikası olmuşdur. Bu məramla Türkiyə ilə müharibə ərəfəsində olan Venesiya öz elçisi Konstantin Laskarini diplomatik əlaqələr qurmaq üçün Şah İsmayılın hüzuruna göndərir. Konstantin Laskari Şah İsmayılla görüşüb danışıqlar aparır və Venesiya hökumətinin Səfəvi dövlətinə artilleriya və gəmilərlə kömək edəcəyini bildirir. Səfəvi şahı bu vədi məmnunluqla qarşılayır və Laskarinin məlumatına görə, danışıqlar zamanı «cənab Sufi etiraf etdi ki, o, Qaramana hücum etməli və bu ölkəni öz sahiblərinə qaytarmalıdır».

Maraqlıdır ki, Konstantin Laskari öz məlumatlarında Şah İsmayılın Türkiyənin bir çox yerlərində xalq tərəfindən sevildiyini də gizlətmir: «Sufinin (Şah İsmayılın — H.M.) digər keyfiyyətlərindən danışarkən mən əlavə etməliyəm ki, hətta Türkiyə torpaqlarında çoxlu insanlar ona xeyirxahlıqla yanaşır və onun hakimiyyəti altında yaşamağa hazırdırlar». Səyahətçinin bu fikirləri bir çox mənbələrdə də təsdiqini tapır. Tarixçi alim Y.Mahmudov «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı — XVII əsrin başlanğıcı)» əsərində onların bir neçəsinin adı çəkilir və göstərilir ki, Şah İsmayılın nüfuzu «onunla izah olunur ki, XV əsrin sonu və XVI əsrin əvvəllərində şiəlik Kiçik Asiyada, xüsusilə Anadoluda sürətlə genişlənməyə başlamışdı. Türk tarixçisi Səlahəddin Tansel bu faktı təsdiq edərək göstərir ki, bu vaxtlarda Amasiya valisinin özü şahzadə Əhməd də qızılbaşların təsiri altında idi, onun oğlu isə şiəliyi qəbul etmişdi. Mənbələrdəki məlumatlara görə, 1502-ci ildə hətta İstanbulun özündə 5000 qızılbaş olub».

Araşdırmalar göstərir ki, Səvəfi şahı 1500-cü ildə Qaramanda osmanlılara qarşı üsyandan, Sultan II Bəyazidin oğlanlarının taxt-tac uğrunda mübarizəsindən özü və dövlətinin maraqları üçün istifadə etməmişdir. Hərçənd Sultan II Bəyazidin vaxtında Osmanlı imperiyasının böyük bir hissəsini ələ keçirmək, hərbi potensialını zəiflətmək və Çaldıran döyüşünün reallaşmasını ləngitmək olardı. Lakin Şah İsmayıl buna getmədi və bunun əsas səbəblərindən biri «İstoriə İrana s drevneyşix vremen do konüa XVIII veka» əsərində belə göstərilir: «Şah hökuməti Osmanlı Türkiyəsi ilə münasibətləri açıq qarşıdurmaya gətirib çıxarmaq istəmirdi və onun ağır vəziyyətindən istifadə etmədi: ancaq Türkiyədə şiələrin üsyanı ilə eyni vaxtda Sultan II Bəyazidlə oğlanları arasında daxili bir müharibə gedirdi». Bunu venesiyalı diplomat Konstantin Laskari də ölkəsinə göndərdiyi məlumatlarla təsdiqləyir.

Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə gəlib qardaşlarını və onların oğlanlarını qətlə yetirdikdən sonra Osmanlı imperiyasının xarici siyasətini dəyişdi. Tarixçi Petruşevski yazır: «Türkiyə bu dövrdə Balkan yarımadasındakı dövlətləri zəbt etmək uğrunda, həmçinin Macarıstan, Venesiya və digər Avropa dövlətləri ilə müharibə aparırdı. I Səlim Ön Asiyanı zəbt etmək üçün böyük planlar hazırlamağa başladı. Öncə o, «islam ardıcıllarını (sünniləri)» «kafir şiələrdən» qorumaq şüarı altında İran istiqamətində yürüş hazırladı. Gizli çuğulların hazırladığı siyahı əsasında qırx min Kiçik Asiya şiəsini qılıncdan keçirməklə arxasını tam təmizləyən I Səlim Səfəvi dövlətinə qarşı müharibəyə başladı…»

Sultan I Səlimin Şah İsmayılla bu ədavətinə səbəb Osmanlı imperiyasında II Bəyazidin oğlanları arasında taxt-tac üstündə gedən çəkişmədə Şah İsmayılın şahzadə Əhmədi dəstəkləyərək Səlimin hakimiyyətə gəlməsinə mane olması idi. Lakin bütün bunlara baxmayaraq, yeniçərilərin və yerli feodalların fəal dəstəyi ilə 1512-ci il aprelin 24-də Səlim qardaşı Əhmədin tərəfdarları üzərində qələbə çalaraq hakimiyyəti ələ keçirdi. İsmayıl şah çox cəhd göstərdi ki, şahzadə Əhmədə kömək edib Səlimi taxtdan salsın, amma heç nə alınmadı. Yeni sultan hər iki qardaşının hərbi dəstələrini darmadağın etdi və əmr verdi ki, qardaşlarını oğlanları ilə bir yerdə edam etsinlər. Şahzadə Əhmədin yalnız bir oğlu — Murad Səfəvilər sarayına sığına bildi. Muradı alıb aparmaq tələbi ilə Səfəvi sarayına gələn Osmanlı elçiləri qətlə yetirildilər. O zamanlar, elə sonralar da monarxiyanın hökm sürdüyü ölkələrdə belə məsələlər asanlıqla unudulmurdu. Ona görə də Osmanlı və Səfəvi imperiyaları arasında münasibətlər bir qədər də gərginləşdi.

Bəzi üzdəniraq tarixçilər nəyə görəsə Sultan I Səlimin 1513-cü ildə təkcə Kiçik Asiyada qocaya, uşağa və qadına baxmayaraq yaşı 7-dən 77-yə 40-45 min şiəni qılıncdan keçirməsi faktının üstündən sükutla keçirlər. Bəli, bu da faciə idi, məzhəb ayrılığını dəstavuz edib Cənubi Qafqaza, Ön Asiyaya, İrana, İraqa nəzarət etmək, Qafqazdan Mesopotamiyaya uzanan strateji və ticarət yolunu ələ keçirmək iddiasında olan Osmanlı imperiyasının Azərbaycan xalqının tarixinə yazdığı faciə! Məhz bu qətliam Osmanlı imperiyasının Səfəvi dövlətinə hərbi yürüş planının hazırlıq mərhələlərindən biri idi.

2007-ci ildə nəşr olunmuş «Azərbaycan tarixi» dərsliyində göstərilir: «Sultan I Səlim hərbi əməliyyata başlamazdan əvvəl bir neçə tədbir gördü: a) Avropa ölkələri ilə — Moskva dövləti, Macarıstan,Venetsiya, Moldova və Valaxiya ilə sülh müqaviləsi bağladı. Beləliklə, Qərbdə müvəqqəti olaraq hərbi əməliyyat dayandı; b) yardım üçün Mavərənnəhrin özbək padşahı Ubeydulla xanın razılığını aldı; c) ölkə daxilində Səfəvi dərviş təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrinin kütləvi qırğınını təşkil etdi. Bu məqsədlə hər vilayətdə 7 yaşından 70 yaşa qədər bütün şiə kişi cinsini siyahıya aldırdı. Tarixçi Əbdül Fəzl Əlinin verdiyi məlumata görə, bu tədbirin həyata keçirilməsilə 40 min şiə qılıncdan keçirilmişdir: ç) o bu tədbirlə həm də arxada qızılbaş qiyamçılarına qarşı vuruşan dəstə düzəldirdi. Çünki qiyamın baş verməsi real idi; d) I Səlim öz işğalçılıq niyyətini pərdələmək üçün 1514-cü ilin yazında Ədirnədə fövqəladə divan çağırdı. Divanda sünni üləmaları qızılbaşlarla müharibəni bütün müsəlmanların müqəddəs vəzifəsi elan etdilər».

Nəhayət, Sultan Səlim öz niyyətlərini həyata keçirmək və Səfəvi dövlətinə qarşı müharibəyə başlamaq üçün 1514-cü il martın 20-də Ədirnədən hərbi yürüşə çıxdı. Bütün ölkə üzrə hərbi səfərbərlik elan olunmuşdu. Aprelin 28-də Səfəvi dövlətinə rəsmən müharibə elan edildi. Tarixçilər yazırlar ki, «1514-cü ilin mayında I Səlim osmanlıların bütün hərbi gücünü Kiçik Asiyada Şah İsmayıla qarşı çıxartdı». Artıq iyulda Osmanlı sultanı 140 minlik ordusu ilə Səfəvi dövlətinin sərhədində idi. İyulun 9-da ordu hissələrinə rəsmi baxış keçirən I Səlim 40 minlik ordu hissəsini Sivasda saxlayıb, özü 100 minlik ordu ilə iyulun 13-də sərhədi keçdi. 1514-cü il avqustun 23-də Çaldıran düzündə Osmanlı imperiyasının hərbi qüvvələri Şah İsmayılın ordusu ilə üz-üzə gəldilər. Osmanlı imperiyasının başlatdığı Çaldıran döyüşü qardaş qanının axıdıldığı ən dəhşətli müharibələrdən biri kimi tarixə düşdü.

«Azərbaycan tarixi»ndə yazılır: «Fars mənbələrinə görə, döyüşdən əvvəl hərbi şurada osmanlıların taktikası ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurəli Xəlifə düşmən üzərinə gecə hücuma keçməyi İsmayıla təklif etdilər. Onların fikirinə görə, gecə atəşi qızılbaş süvarilərini silah və top atəşindən xilas edər, beləliklə də osmanlılar döyüş vəziyyəti alana qədər məsələ həll olunar. Lakin qızılbaş sərkərdəsi Şamlı Durmuş xan bu təklifin əleyhinə çıxdı, gecə hücumunu qorxaqlıq, ürəksizlik adlandırdı. Bu çıxış İsmayılın xoşuna gəldi və dedi: «Mən karvanbasan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun».

Əlbəttə, bu böyük siyasi xadimin səhvləri də yox deyildir. Bunu onun Çaldıran döyüşü sərkərdələrinin Osmanlı ordusunun toplarından qorunmaq üçün gecə ikən hücum etmək təklifini rədd etməsi də göstərir. Halbuki amansız müharibə və döyüş ərəfəsində şübhəli əxlaq prinsiplərinin əsiri olmaq ən azı sadəlövhlükdür. Dövlət başçısının sadəlövhlüyü isə milli fəlakətdir.

1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə üz-üzə gələn iki ordu sadəcə din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid getməyə hazır olan silahlı fanatiklər idilər. Bu isə Çaldıran vuruşmasını tarixin ən qanlı qardaş qırğınlarından birinə çevirdi. Yavuz Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşması əslində türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə strateji qələbəsi idi. Qızılbaşlar igidliklə vuruşdular».

Şah İsmayıl Osmanlı sərkərdəsi, o dövrün tanınmış pəhləvanı Əli bəy Malhuçoğlu ilə üz-üzə gəldi və təkbətək döyüşə girdi. Bundan zərrə qədər də çəkinməyən Şah İsmayıl elə güclü bir qılınc zərbəsi endirdi ki, onun başı dəbilqəqarışıq ikiyə bölündü və türk azmanı yerə düşdü. Azərbaycan süvariləri Osmanlı piyada qoşununu geri oturtdular, lakin düşmənin 100-dən çox topunun amansız atəşinə məruz qalan İsmayıl əldə qılınc düşmən artilleriyasına hücuma atıldı və elə bu vaxt onun atı müvazinətini itirib sahibi ilə bərabər yerə yıxıldı. Şahın həyatı üçün belə təhlükəli bir məqamda xarici görkəmindən İsmayıla çox oxşayan qızılbaş Sultanəli Mirzə Əfşar özünü yetirdi. «Mən şaham» deyə qışqırdı və düşmən əsgərlərini arxasınca apara bildi. Qızılbaş Xızır ağa Ustaclı bir göz qırpımında Şah İsmayıla başqa bir at gətirdi və o, 300 qızılbaşla düşmən səfini yararaq Təbrizə üz qoydu. Səfəvilər 50 min nəfər itki verərək məğlub oldular.

Nə qədər həqiqət olduğunu demək çətindir. Amma mənbələrdə göstərilir ki, «Şah İsmayıl Çaldıran döyüşündə öz məğlubiyyətini gördükdə qəzəbindən qılıncını topun lüləsinə zərblə çırpır, zərbədən topun lüləsi qırılır. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətizdirir və özü də həmin hərəkəti təkrar edir. Lakin topun lüləsi kəsilmir. Belə olduqda sultan deyir ki, İsmayıl mənə başqa qılınc verib, bu o qılınc deyil. İsmayıl bunu eşidir və «Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil» deyir.

Səfəvilərlə Osmanlılar arasında fasilələrlə iki yüz ildən artıq müharibələr davam etmişdir. Lakin sərhədlər elə də çox dəyişmədi. Yalnız 1638-ci ildə Osmanlı qoşunları Bağdadı ələ keçirdikdən sonra Səfəvilər Mesopotamiyaya nəzarəti itirdilər. Bu onu göstərir ki, Şah İsmayıl Səfəvinin qurduğu dövlət o qədər güclü idi ki, uzun müddət öz sərhədlərini qoruyub saxlaya bilmişdi.

Farsdilli salnaməçilər Çaldıran döyüşündə Səfəvilərin məğlubiyyət səbəblərini Şah İsmayılın məğrurluğu, özünə həddən artıq güvənməsi, qızılbaşların sayca az olması, Osmanlı qoşununun avropasayağı təşkili, I İsmayılın Osmanlı imperiyası kimi qüvvətli bir düşmənlə müharibəyə kifayət qədər hazır olmaması, yaxın adamlarının məsləhətinə qulaq asmaması, nəhayət, Səfəvilərin topu olsa da, düşmən tərəfin döyüşdə odlu silahdan — topdan daha səmərəli istifadə etməsilə izah edirlər. Bu kimi izahlar Şah I İsmayılın övladlarına vəsiyyətində də əksini tapmışdır.

Yeri gəlmişkən, bir tarixi həqiqəti də qeyd etmək lazımdır ki, Şah İsmayıl məşum Çaldıran döyüşü ərəfəsində belə ilk növbədə istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi. Onun elmə, mədəniyyətə göstərdiyi qayğı təkcə bu faktla məhdudlaşmır. İsmayılın taxta yiyələndikdən dərhal sonra gördüyü işlərdən biri də Hulakilər dövlətinin süqutundan sonra dağılmaq həddində olan Marağa rəsədxanasının bərpası oldu. Bu işlərin görülməsi üçün şah ora məşhur astronom və riyaziyyatçı Qiyasəddini göndərmişdi. Bununla yanaşı, Təbrizdə onun fərmanı ilə kitabxana açılmışdı. Bu ziya ocağına çox qiymətli, nadir kitablar və əlyazmalar toplanmışdı. Kitabxananın rəisi isə Kəmaləddin Behzad təyin olunmuşdu və o da sonralar Təhmasibin vaxtında, bu gün də dünya xalça toxuculuğunun mirvarisi sayılan «Şeyx Səfi» xalçasını toxumuşdu.

Şah İsmayılı şiəliyi yaymaqda qınayan, bunu onun yeganə məramı olduğunu və buna görə onun sünniləri qırdığını bildirənlərdən soruşmaq istərdim: əgər Sultan Səlim Yavuzun niyyəti Osmanlı imperiyasının sərhədlərini genişləndirmək deyildisə, məqsədi «kafir şiələrə» qarşı savaş idisə , o zaman niyə əhalisi onlarla eyni məzhəbdən — sünni olan Misirə 1516-cı ildə yürüş edib məmlüklər dövlətini süquta uğratdı? Məgər Sultan Səlim İslamdan ilhaqçılıq siyasətini həyata keçirmək üçün istifadə etmirdimi? Türk tarixçisi V.M.Qocatürk göstərir ki, Sultan Səlim hakimiyyəti ələ almamışdan əvvəl yeniçərilərə deyirdi: «Əgər mən padşah olsam, Ərəbistanı çərkəzlərdən (məmlüklərdən — H.M.), Əcəm elinin şəhərlərini isə qızılbaşlardan təmizləməkdə israrlıyam». Buradan da görünür ki, din, məzhəb fatehlərin, sərkərdələrin əlində həmişə siyasi-hərbi məqsədlərinə çatmaq üçün bir vasitə olmuşdur. Ona görə də Şah İsmayıla çamur atmaq, onun xidmətlərini danmaq yalnız məkrli məqsədlərə xidmət edir.

Son dövrlərdə xaricdə Səfəvi — Osmanlı münasibətlərinə həsr olunmuş əsərlərdən görünür ki, Şah İsmayılın şəxsiyyətinə qarşı yönələn «böhtan yürüşü» əslində Azərbaycanda məzhəb qarşıdurması və təfriqə salmaq planlarının ideoloji taktiki mərhələsidir. Burada tarix də, Şah I İsmayıl da, Sultan I Səlim də bu təfriqəni salmağa çalışanların manipulyasiya vasitəsidir.

Şah İsmayıl haqqında məqalə yazarkən onun doğma dilinə münasibəti haqqında danışmamaq bu böyük dövlət xadiminin ruhuna hörmətsizlik olardı. Millətin varlığının birinci şərti onun dilidir. Şah İsmayıl Səfəvi Azərbaycan dilini etnik bir dildən ali dövlət dilinə çevirdi. O, Yuli Sezardan sonra ilk böyük bir səltənətin — imperiyanın banisi və tacidarıdır ki, özü də qüdrətli qələm sahibi, təkrarsız poeziya incilərinin yaradıcısı olmuşdur.

Çünki bu məsələdə də oxucuları, xalqımızı dalanlara yönəldən cızmaqaraçılar var. Bir çox tarixçilər Şah İsmayılı farsa, İrana çəkməyə cəhd edir, onun Azərbaycan dilini dövlət dili elan etməsi və qızılbaşların yalnız bu dildə danışması faktının üstündən isə sükutla keçirlər. İ.P.Petruşevski yazır: «Şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı Sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi təqdim etməyin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında Azərbaycan dilində danışırdılar».

Düşünürəm, nə yaxşı bunu yad bir millətin, başqa bir xalqın vicdanlı tarixçi alimi deyir. Amma bu faktın təsdiqi təkcə bu kiçik sitatla bitmir. Digər bir yəhudi alimi Devid Ayolon da 1956-cı ildə nəşr olunmuş əsərində təsdiq edir ki, Səfəvilər mənşə etibarı ilə fars yox, türk olmuşlar. Şərqşünas alim Riçard Fray da «İran ensiklopediyası»na yazdığı məqalədə göstərir ki, Səfəvilər sülaləsinın əsası Azərbaycan türkləri tərəfindən qoyulub. Bu fikirlə Qərbin tanınmış alimləri T.Svyatoxovski və X.Seton-Vatson da razılaşırlar. Hətta mürtəce İran tarixçısi Rza İnayətullanın yazdığı və erməni alimi Q.Asatryanın fars dilindən tərcümə edib ön söz yazdığı «Azərbaycan və Arran: (Atropatakan və Qafqaz Albaniyası)» əsərində hər iki alim etiraf edir ki, Səfəvilərin dili Azərbaycan türkcəsi olub.

Baxın, bir çox Azərbaycan türkünün bəh-bəhlə şərhlər yazdığı «Şah və Sultan» romanında İsgəndər Pala nə yazır: «Şah İsmayıl türkcə, Sultan Səlim farsca ona görə məktublaşırmışlar ki, qarşı tərəfə onun dilində cavab versinlər». Bu, Palanın sayıqlamasından başqa bir şey deyil. Palaya ən tutarlı cavab elə bu günlər mətbuatda əksini tapan Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun kitabxanasından Şah İsmayıl Səfəvinin fərmanının tapılması və Azərbaycana gətirilməsi xəbəri oldu. Pala əgər türkcə yaxşı bilirsə, internet saytlarından








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22
Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18
"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20
AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10
Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51
Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43
“Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08
Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Dünən, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Dünən, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Dünən, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Dünən, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Dünən, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Dünən, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Dünən, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Dünən, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Dünən, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Dünən, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru