Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı jurnalistlərin sualına növbəti dəfə qısa cavab verib.
Teleqraf xəbər verir ki, o, bu barədə aidiyyəti qurumların məlumat verə biləcəyini deyib.
“Lazım gələrsə, Milli Təhlükəsizlik Xidməti məlumat verəcək”, - Qriqoryan jurnalistlərə bildirib.
Onun Bakıya səfərinin mümkün olub-olmaması ilə bağlı suala isə Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Belə bir müzakirə yoxdur”.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-21-də Azərbaycanın paytaxtında keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib.