Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması, Şuşada onlarla görüşməsi “alternativ
paytaxt” mövzusunu yenidən gündəmə gətirir.
Belə önəmli qonaqların qəbulunu Bakıda keçirmək, xüsusilə yeni dərs ilinin başladığı günlərdə və “Formula-1” yarışlarının astanasında olduğumuz vaxtlarda şəhərin nəqliyyat sistemi və
infrastrukturu baxımdan böyük tıxaca səbəb ola bilərdi. Məhz bu səbəbdən ən müvafiq seçim – yüksək səviyyəli rəsmi qarşılanmaların Qarabağda keçirilməsi-logistik və simvolik əhəmiyyət kəsb edir.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycan hökuməti Qarabağın bərpasına milyardlarla vəsait xərcləyib və bu tendensiya davam edir: “Qarabağda quruculuq işlərinin mahiyyəti təsdiq edir ki, ölkənin bütün əraziləri paytaxt səviyyəsinə qədər gəlib çatsın. Buna görə də planlı şəkildə ağıllı yaşayış məntəqələri salınmaqda, torpaqlardan maksimum effektiv istifadə diqqətdə saxlanılmaqdadır. Bərpa və quruculuq işlərinin sürətlənməsi üçün Azərbaycan xarici sərmayəni də cəlb edə bilər. İndiyədək bir neçə ölkə çox kiçik həcmdə yardımlar edib. Bu, tələb olunan ümumi yardımların miqyası ilə müqayisədə olduqca azdır.
Prezidentin addımları göstərir ki, o, Azərbaycanın digər şəhərlərinin infrastrukturunu da Bakı səviyyəsinə qaldırmaq niyyətindədir. Ona görə də yüksək səviyyəli qonaqları Qarabağda qəbul edir. Prezident İlham Əliyevin BƏƏ Prezidentini Füzuli hava limanında qarşılaması və Şuşada keçirilən görüşlər diqqəti bu bölgəyə yönəltməyə xidmət edir. BƏƏ kimi varlı ölkənin bu regiona sərmayə yatırması üçün böyük potensialı var”.
Ekspert bildirib ki, paytaxtın köçürülməsi ilə bağlı çoxdandır müzakirələr gedir, müxtəlif fikirlər səsləndirilir: “Bununla bağlı hökumətin düşüncəsi olarsa, mütləq ictimaiyyətlə paylaşardı. Bu, gizli fəaliyyət deyil. Çünki həm yeni paytaxtın yerinin müəyyənləşdirilməsi, həm də onun üslubu, forması, coğrafi mövqeyinin əlverişli olması cəmiyyətdə əminlik və inam yaratmalıdır. Belə niyyət olardısa, Prezident xalqa açıqlayardı”.
ReAL partiyasının sədri Natiq Cəfərli isə hesab edir ki, Bakı paytaxt olaraq qalmalı, lakin şəhərin yükünü azaltmaq və infrastrukturun inkişafını tarazlı şəkildə yönləndirmək vacibdir. O, Sherg.az-a açıqlamasında bildirib ki, ölkənin sosial-iqtisadi inkişaf planları çərçivəsində 2030-cu ilə qədər azad olunmuş torpaqlarda 1,5-2 milyon vətəndaşın məskunlaşmasının təmin edilməsi və eyni zamanda paytaxtın yükünün azaldılması prioritet olmalıdır:
"Bu, həm Bakı şəhərinin
infrastrukturunun normal fəaliyyət göstərməsini təmin edəcək, həm də bölgələrin bərpasını sürətləndirəcək.
Bunun üçün bəzi nazirliklər, dövlət qurumları və universitetlərin işğaldan azad edilmiş şəhərlərə
köçürülə bilər. Bu addım yalnız həmin bölgələrdə iqtisadi aktivliyi artırmaqla kifayətlənməyəcək, eyni zamanda şəhərlərin sosial və mədəni inkişafına da təkan verəcək. Dövlət qurumlarının və təhsil müəssisələrinin bölgələrə köçürülməsi bölgələrdə yeni iş yerlərinin yaranmasına, tələbə və gənc əhalinin cəlb olunmasına, habelə infrastruktur layihələrinin reallaşdırılmasına şərait yaradacaq. Universitetlərin paytaxtda sıx toplanması da uzun müddətdə
balanssızlıq yaradır və bölgələrdə inkişafın qarşısını alır".
Partiya sədrinin sözlərinə görə, universitetlərin, dövlət qurumlarının bölgələrə köçürülməsi təkcə təhsil və dövlət idarəçiliyinin bölgələrdə daha effektiv şəkildə həyata keçirilməsinə səbəb olmayacaq, həm də Qarabağın alternativ paytaxt potensialını gücləndirəcək:
"Universitetlərin və dövlət qurumlarının həmin ərazilərə köçürülməsi nəticəsində bölgələrdə yeni iqtisadi imkanlar yaranacaq, kirayə evlər, ictimai iaşə obyektləri, tələbə şəhərcikləri, kiçik və orta sahibkarlıq üçün istehsal sahələri və digər sosial infrastrukturlar aktivləşəcək. Bu, bölgənin sosial-iqtisadi həyatını
canlandırmaqla yanaşı, həm də şəhər mədəniyyətinin formalaşmasına töhfə verəcək. Bu yanaşma həm də Bakının sıxlığını azaltmaqla şəhərin infrastrukturu, nəqliyyat sistemi və ekoloji tarazlığı üçün müsbət təsir göstərəcək. Strateji qərarların vaxtında və düzgün qəbul edilməsi Qarabağın sürətli bərpası, azad olunmuş ərazilərin davamlı inkişafı və ölkənin sosial-iqtisadi balansının qorunması üçün həyati əhəmiyyət daşıyır".