Rusiyada Azərbaycanlılara qarşı təzyiqlər davam edir.
Bu dəfə də Rusiya Federal Təhqiqatlar Xidməti (FTX) tərəfindən Stavropolda həmyerlimiz saxlanılıb. Onun terror aktları hazırladığı iddia olunub:
“Stavropol diyarında Rusiya Federasiyası ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına fəal şəkildə qoşulmuş, təşkilatın rəhbərlərinin göstərişi ilə təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərdə, o cümlədən, İcra Hakimiyyətinin inzibati və nəqliyyat və mühafizə orqanlarının binalarında ətraflı kəşfiyyat aparan Azərbaycan vətəndaşı saxlanılıb”.
Rusiyada azərbaycanlılara təzyiq sistematik şəkildə həyata keçirilir. Demək olar ki, hər həftə bir neçə vətəndaşımız müxtəlif ittihamlarla saxlanılır. Üstəlik, onların saxlanılma anında necə qeyri-insani rəftara da məruz qaldıqları açıq şəkildə görünür.
Rusiya nə etməyə çalışır?
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyada azərbaycanlılara qarşı diskriminasiya siyasəti həyata keçirilir:
“Üstəlik, bu, çox uzun müdddətdir davam edir. Sadəcə olaraq əvvəl olanlar mətbuatda yayılmırdı. Son vaxtlar isə Rusiyada soydaşlarımız kütləvi şəkildə həbs olunduğu üçün mediada çıxarılır və bizim ictimaiyyətin də xəbəri olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər xeyli dərəcədə soyuyub. Adətən rəsmi Moskva belə olan hallarda kobud üsullardan istifadə edir. Azərbaycanlılara qarşı çox ciddi ittihamlar irəli sürülür. Eyni zamanda, Mərkəzi Asiya ölkərindən olan vətəndaşlara qarşı da oxşar addımlar atılır”.
Deputatın sözlərinə görə, Rusiya yeni dünya nizamında öz mövqeyini möhkəmlətmək üçün belə radikal həmlələr edir: “Uzun müddət Rusiyanın ölkəmizə qarşı təxribatlarını davam etdirəcəyi gözlənilir. Sadəcə biz dövlət və millət olaraq birlikdə dimdik ayaq üstdə olmalıyıq. Bu basqıya və tərbiyəsizliyə birgə cavab verməliyik. Rusiyanın ölkəmizdə xeyli agentləri və casus şəbəkələri var. Belə olan halda Kreml özünü bir qədər rahat hiss edir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti təslim olmamalıdır. Yəni dövlət və millət olaraq Rusiyada yaşayan soydaşlarımızı müdafiə etməliyik”.