Ağı deməyi, kəlməbaşı ağlamağı sevmirəm, amma bu gün iki xəbər məni ölümcül yaraladı, bərk ağrıtdı, pis ağlatdı. Biri məndən 6 yaş böyük həmkəndlim Bəylər Xamıyevin Rusiyada, o biri məndən 8 yaş kiçik jurnalist həmkarım Rüstəm Qaraxanlının Bakıda vəfat etməsi xəbəri ruhumu dəlib keçdi, əzib keçdi, öldürüb keçdi. Keçdimi? Yox. Keçmədi. Keçməz. Keçə bilməz... Taleyin axmaq zarafatına bax – hər iki xəbəri yaşlı bir qohumumun yas mərasimində aldım. Demə, başı batmış dərd başa gələndə batmanla gəlirmiş doğrudan da... Adi məntiqdir: adamlar daha yaxından tanıdıqlarının, tez-tez ünsiyyətdə olduğu, toyda-yasda, yolda-rizdə tez-tez rastlaşdığı, görüşdüyü, öpüşdüyü, bir süfrədə tikəsini, dərdini-sərini bölüşdüyü, zəngləşdiyi insanların itkisinə daha çox yanıb-yaxılır. Məndə bu dəfə belə olmadı. Mən azı 30 ildir görmədiyim, görüşmədiyim, dərdləşmədiyim adamlara görə yanıb-yaxılıram.
Ana babamgilin qapıbir qonşusu olan Bəyləri axırıncı dəfə düz 30 il qabaq – 1995-ci ilin avqustunda görmüşdüm. Ana nənəm vəfat edəndə, onun yasında... Onda təsadüfən Moskvadan ata evinə, öz evlərinə məzuniyyətə gəlmişdi. 1981-ci ildə Moskvadakı ali məktəblərin birinə qəbul olunan adi, amma çox istedadlı kənd uşağı ilə (Bəylərə baxanda əslində uşaq mən idim) onda – 30 il qabaq bu vaxtlar, avqustda ikilikdə xeyli söhbətimiz olmuşdu. Dərin bir söhbət. Təhsildən, elmdən, dünyadan, hər şeydən... Maraqlı adam idi. Bu, Bəylərlə ilk və son dərin, ətraflı və uzun söhbətim idi. Amma Bəylər xatirimdə bir başqa cür və əbədi qaldı – işıqlı, səmimi, sadə, munis...
Rüstəm Qaraxanlını isə ilk dəfə düz 27 il qabaq – 1998-ci ildə “Dövran” qəzetinin redaksiyasında görmüşdüm. Onda çox gənc idi, tələbə idi. 20 yaşında... Par-par yanan, eşq, şövq, həyat, arzu saçan bir gənc... Redaksiyaya da bizim Nurəddin Heydərovla birgə gəlmişdi. Möhkəm dost idilər, indikindən uzaq, həmişə qoşa gəzirdilər, qoşa da işlədilər. Rüstəm... Rüstəm Qaraxanlı... İstedadlı, zirək, mədəni, sakit, ədəbli bir gənc... İndi yoxdur. Heyf, çox heyf, səd heyf ki, yoxdur. Bir redaktor kimi ona hansısa yazısına görə haçansa bəlkə də “Rüstəm, niyə belə yazmısan, niyə belə pis?” demişəm. Dəqiq bilmirəm. Amma bir köhnə dost kimi bunu indi dəqiq deyirəm: “Rüstəm, niyə belə elədin, niyə belə tez?”
Rüstəm də xatirimdə bir başqa cür və əbədi qaldı – işıqlı, səmimi, sadə, munis...
Nurda yatın, işıqlı adamlar. Ürəyimi çox pis sıxdınız. Bu sıxıntım da mənim sizə yaxşı və işıqlı xatirənizə görə son təşəkkürüm olsun. Bu sıxıntım halalınız olsun...
Famil Cəfərli - "DİA-AZ"