8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş keçirilib. Görüş zamanı iki ölkə arasında sülh sazişinin mətni paraflanıb.
Görüşün ardından ölkə başçısı İlham Əliyev mediaya müsahibə verib və prosesin yubadılmamalı olduğunu qeyd edib.
Məlumdur ki, prosesin sürətlə başa çatması üçün Ermənistan konstitusiyas dəyişilməlidir. Bunun üçün də Ermənistanda referendum keçirilməlidir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Ermənistan tərəfi sülh prosesinin baş tutması üçün Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir:
“Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh mətninin məntiqi sonluğa çatması ilə bağlı strateji əhəmiyyətli razılaşmalar əldə edilib. Ən əsası isə sülh sazişinin paraflanması baş tutub. Yəni tərəflər öhdəlik götürüb ki, sülh sazişinin bütün bəndlərinə rəsmən razıdırlar və heç bir dəyişiklik baş verməyəcək. Prezident cənab İlham Əliyev Azərbaycan mediasına müsahibəsində bildirdi ki, sülh prosesini yubatmamaq lazımdır, prosesə sadiq qalıb onu daha da irəliyə aparmaq lazımdır. Burada vaxt amili mühümdür. İndi belə fikirlər səslənir ki, Ermənistan tərəfi sülh prosesinin baş tutması üçün Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu bizim əvvəlcədən irəli sürdüyümüz tələbdir”.
E.Nəsirov vurğulayıb ki, bu ilin dekabr ayının 10-dan əvvəl Ermənistan konstitusiyası dəyişilə bilər:
“Bunun üçün Ermənistan referendum keçirməlidir. İndi əsas məsələ odur ki, referendum nə zaman keçiriləcək? Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər də bəyan edib ki, iki müddətdən birində referendum keçirmək mümkündür: 2026-cı ilin iyulun 7-də parlament seçkiləri ilə eyni vaxtda, bu baş tutmadıqda isə 2027-ci ildə. Ancaq ABŞ-də çox mühüm proseslərə start verilib. Xüsusilə də nəzərə alsaq ki, Donald Tramp Nobel sülh mükafatı almağa çox real namizədlərdən biridir. Azərbaycan Prezidenti bu istiqamətdə Vaşinqtonda çox unikal bir təkliflə çıxış edib. Nəzərə alsaq ki, hər iki ölkənin başçısı Nobel komissiyasına müraciət etmək istəyirlər və nobel sülh mükafatı hər il dekabr ayında Stokholmda verilir. İstisna deyildir ki, Ermənistan tərəfi referendumun vaxtını əvvələ də çəkə bilər.Yəni dekabr ayının 10-dan daha əvvəl referendumun keçirilməsi prinsipcə mümkündür. ABŞ bu məsələdə Ermənistana müəyyən təsirlər edə bilər. Yəni referendumun keçirilməsi ilə bağlı versiya var: 2025-ci ilin dekabr ayının 10-dan əvvəl, 2026-cı ilin iyulunda və 2027-ci il. Vaşinqtonda gedən proseslər 3-cünü sıradan çıxarır və ikinci versiyanı, hətta mən deyərdim birinci versiyanı daha aktual edir".