“AFB Bank”ın biznes kreditlərinin 70%-dən çoxu cəmi 25 borcalana aiddir”.
“Yeni Sabah” xəbər verir ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings” AFB Bankın kredit portfelində ciddi konsentrasiya risklərinin olduğunu bildirib. Hesabatda qeyd olunur ki, 2024-cü ilin sonuna bankın korporativ və KOB müştərilərə verdiyi kreditlərin 70%-dən çoxu cəmi 25 borcalan qrupuna məxsus olub.
2024-cü ilin sonuna bankın müştərilərə verilmiş kreditlərinin (xalis) həcmi 171,1 mln. manat təşkil edib. Bunun 90,1 mln. manatı biznes kreditləridir. Bu isə o deməkdir ki, bank 63 mln. manatdan artıq vəsaiti 25 şirkətə və ya şəxsə ayırıb. Ortalama bir borcalana ayrılan vəsaitin həcmi 2,52 mln. manat təşkil edir.
Agentlik bu vəziyyəti AFB Bankın zəif risk profili və əlaqələrə əsaslanan kreditvermə praktikasının göstəricisi kimi qiymətləndirir. Bu cür cəmləşmə kredit portfelinin keyfiyyətini volatilliyə məruz qoyur və bank üçün sistematik olmayan, lakin ciddi fərdi risklər yaradır.
Fitch həmçinin vurğulayır ki, bu konsentrasiya yüksək riskli borcalanlarla bağlı hər hansı gecikmə və ya defolt halında bankın maliyyə dayanıqlığına ciddi təsir göstərə bilər. Agentlik AFB Bankın kreditvermə standartlarını zəif hesab edir və bu zəifliklərin uzunmüddətli reytinqə təzyiq yarada biləcəyini istisna etmir.
Əlavə edilib ki, problemli kreditlərin payı yüksəkdir. Belə ki, 2024-cü ilin sonunda bankın ümumi kreditlərinin 14,4%-i problemli kreditlər olub. Bu göstərici əvvəlki illərlə müqayisədə azalsa da, hələ də sektor üzrə orta səviyyədən yüksəkdir.
Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AFB Bank”ın uzunmüddətli emitent defolt reytinqini “B”, proqnozunu isə “Sabit”, bankın daxili maliyyə dayanıqlığını əks etdirən fəaliyyət reytinqi isə “b” olaraq müəyyən edib.