Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, bu idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin məhkəməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə baxılır.
Bizimyol.info xəbər verir ki, keçmiş hərbi komissar Ramin Şükürov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham olunur.
Digər iki təqsirləndirilən Emil Nəbiyev və Xalid Əzimova isə yalnız Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham verilib.
Qeyd edək ki, adları çəkilən şəxslərdən keçmiş komissar Ramil Şükürov həbsdədir, digərləri barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İyulun 28-də keçirilən məhkəmə prosesində Ramil Şükürovun vəkili Abbas Atakişiyev hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə zalında onun yanında əyləşməsi barədə vəsatət qaldırıb. Vəsatətini əsaslandıraraq bildirib ki, müvəkkilinin eşitmə məhdudiyyəti var. Bu səbəbdən əməliyyat da olunub.
Ramil Şükürov özü də eşitmə problemi olduğunu təsdiqləyib: “Qulaqlarımın heç birində pərdə yoxdur”
Ramil Şükürovun digər vəkili Ceyhun Yusifov müvəkkili ilə görüşə bilməməyindən narazılıq edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Onun sözlərinə görə, 15 gündən çoxdur müvəkkili ilə görüşməsinə şərait yaradılmır:
“Müdafiə taktikamızı qurmaq üçün müvəkkilimlə görüşməyimiz vacibdir. Məhkəmədən də xahişimiz budur ki, görüşməyimiz üçün məktub versin”.
Hakim Fikrət Əliyev bildirib ki, vəkilin öz müvəkkili ilə görüşməsi üçün xüsusi icazə məktubuna ehtiyac yoxdur. Buna baxmayaraq, əgər zərurət olarsa, məhkəmə məktub da verər.
Ramil Şükürovun vəkillərinin yanında əyləşməsi barədə vəsatətinə gəlincə, məhkəmə bu məsələni də müsbət həll edib. Onun məhkəmə iclaslarında müdafiəçilərinin yanında əyləşməsi barədə qərar qəbul edilib. Qərar dərhal icra olunub.
Vəkillərin vəsatətindən sonra məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, təqsirləndirilən şəxslər əlbir olaraq, bir sıra çağırışçılara dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində rüşvət alıblar.
Ramin Şükürovun həmçinin Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik məqsədilə 30 min manat pul almaqda ittiham olunur. Digər çağırışçılar Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alındığı iddia olunur.
Təqsirləndirilən şəxslər ittihamda göstərilənlərlə razılaşmırlar. Onlar ittihama münasibət bildirərkən özlərini təqsirli bilmədiklərini söyləyiblər.
Keçmiş hərbi komissarın vəkili Ceyhun Yusifov bildirib ki, Ramil Şükürova iki nəfərin ifadəsi əsasında ittiham verilib. Həmin iki nəfər də məhkəmədə özlərini təqsirli bilmədiklərini söylədi. Bunu əsas gətirən vəkil təklif edib ki, əvvəl məhkəmədə şahidlər dindirilsin, daha sonra təqsirləndirilən şəxslər ifadə verər.
Ramil Şükürovun digər vəkili Abbas Atakişiyev qeyd edib ki, rüşvət aldığı iddia edilən şəxslər məhkəmə qarşısına çıxarılsa da, pulu verdiyi iddia olunanlar yoxdur. “Biz həmin rüşvət verdiyi deyilən şahidlərin dindirilməsini istəyirik. Onlar danışsınlar, görək ki, bütün bunlar necə baş verib. Aydınlaşdıraq, görək ki, təqsirləndirilən şəxslər özlərini niyə təqsirli bilmirlər. Rüşvət verənlər niyə cinayət məsuliyyətindən kənarda qalıblar? Bütün bu səbəblərdən biz əvvəlcə rüşvət verən şahidlərin dindirilməsini istəyirik”.
Təqsirləndirilən şəxslər və digər vəkillər də bu mövqeni dəstəkləyib. Məhkəmə də qərar çıxarıb ki, əvvəl şahidlər dindirilsin, daha sonra təqsirləndirilən şəxslər ifadə versin.
Məhkəmə prosesi sentyabrın 1-nə təyin olunub.