Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı və kiçik qızı ilə birlikdə Rusiyada səfərdədir. Baş nazir Altay Respublikasında təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Həmçinin Paşinyanın rusiyalı həmkarı Mixail Mişustinlə görüşü də gözlənilir. Ermənistan KİV iddia edir ki, Paşinyan Kreml rəsmiləri ilə Moskva və İrəvan arasında davam edən gərginlik,ABŞ-ın Zəngəzur dəhizi ilə bağlı təklifi, həmçinin Erməni Apostol Kilsəsinin vəziyyətinə dair müzakirələr aparmağı planlayıb.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tələsik şəkildə Rusiyaya səfəri olduqca diqqət çəkir:
“Paşinyan hazırda ölkə daxilində ona qarşı olan müxtəlif qüvvələrlə mübarizə aparır. Buraya keçmiş revanşistlər, Rusiyanın dəstəklədiyi fiqurlar və Erməni Apostol Kilsəsi, xüsusilə də II Qaragenə qarşı başladılan proses daxildir. Eyni zamanda erməni diasporu və lobbi təşkilatlarının İrəvan hökumətinə təzyiqləri də müşahidə olunur. Bütün bunlar fonunda, parlament seçkiləri öncəsi baş nazirin siyasi mövqeyi xeyli zəifləyib.
Paşinyan Rusiyaya səfəri zamanı bir sıra vacib suallara cavab vermək məcburiyyətində qalacaq. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində Rusiya sərhədçilərinin nəzarətini təmin etməyi öhdəsinə götürmüşdü. Hazırda isə Vaşinqtonla İrəvan arasında dəhliz mövzusunda ilə bağlı razılaşma xəbərləri yayılıb. Bu, Moskvada narazılıq doğura bilər və Paşinyan hesabat verməli olacaq. Kreml Ermənistanda keçiriləcək parlament seçkilərinə birbaşa təsir edə bilməsə də, ölkədə xaos yaratmaq gücünə malikdir. Paşinyanın əsas narahatlığı da Rusiyanın bu imkanlardan istifadə edərək seçkilər öncəsi Ermənistanda vəziyyəti gərginləşdirməsidir.”