Çin Qərbin sanksiyalarından qaçmaq üçün Rusiyada dövlətə məxsus pilotsuz təyyarə istehsalçısına “sənaye soyuducusu qurğuları” adı ilə ön şirkətlər vasitəsilə gizli şəkildə mühərriklər verir.
Reyting.az bildirir ki, bu barədə “Reuters” agentliyi üç Avropa təhlükəsizlik rəsmisinin məlumatlarına və sənədlərinə istinadla yazıb.
Onların sözlərinə görə, bu tədarüklər Rusiyanın silah istehsalçısı IEMZ Kupol-a şirkətin təchizat zəncirini pozmaq üçün oktyabr ayında ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara baxmayaraq, “Garpiya-A1” hücum dronlarının istehsalını artırmağa imkan verib.
Xüsusilə, daxili Kupol sənədi göstərir ki, şirkət Rusiya Müdafiə Nazirliyi ilə 2024-cü ildəki 2000 ədəddən bu il 6000-dən çox Garpiya istehsalına dair müqavilə imzalayıb.
Sənəddə qeyd olunur ki, aprel ayına qədər 1500-dən çox pilotsuz təyyarə çatdırılıb.
“Uzun mənzilli pilotsuz uçuş aparatlarından Ukrayna ərazisinin dərinliklərində mülki və hərbi hədəflərə hücum etmək üçün istifadə olunur. Rusiya ayda təxminən 500 belə pilotsuz təyyarədən istifadə edir”, - Ukraynanın hərbi kəşfiyyatı bildirib.
Ancaq Çin Xarici İşlər Nazirliyi “Garpiya-A1” üçün hissələrin ixracından xəbərsiz olduğunu, öz qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq ikili təyinatlı malların xaricə satışının nəzarətdə olunduğunu qeyd edib.
“Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan birtərəfli sanksiyalara həmişə qarşı çıxıb”, - bəyanatda əlavə edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etdiyi üçün Çinin cəzalandırılmasını istəyib.
Mətbuat həmçinin Aİ-nin Rusiya ilə əməkdaşlığa görə iki Çin bankına qarşı sanksiyalar tətbiq etdiyini də yazıb.