Bank və kredit təşkilatlarından borc alan bir çox insan qərar verərkən yalnız aylıq faiz dərəcəsinə baxır. Lakin bu, bəzən aldanmağa səbəb ola bilər. Çünki ödəniləcək ümumi məbləği müəyyən edən əsas göstərici faktiki illik faiz dərəcəsidir. Bu anlayışdan xəbərsiz olan vətəndaşlar sonda düşündüklərindən daha çox faiz ödədiklərini anlayırlar.
Faktiki illik faiz dərəcəsi aylıq faizlə nə ilə fərqlənir? Kredit götürən şəxs nələrə diqqət etməlidir ki, əlavə maliyyə yükü ilə üzləşməsin?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, burada qarışıqlıq yaradan əsas məqam aylıq və illik faiz dərəcələrinin düzgün anlaşılmamasıdır.
“Hər iki göstərici müəyyən düsturla bir-birinə bağlı olsa da, manipulyasiya elementləri ola bilər. Məsələn, bank elan edir ki, aylıq faiz dərəcəsi 2 faizdir. Bəzi vətəndaşlar düşünür ki, bu, illik 24 faiz edir. Lakin aylıq 2 faiz əsas məbləğə hər ay tətbiq edildiyi üçün təxminən illik (12 ay üzrə) 27 faizə bərabər olur. Başqa bir bank isə illik faiz dərəcəsini 25 faiz müəyyən edirsə, deməli aylıq faiz dərəcəsi 2-dən aşağı olur. Beləliklə, əslində bu bank daha sərfəli kredit təklif etmiş olur. Digəri isə aylıq faizi daha aşağı göstərməklə müştəri cəlb edir”.
İqtisadçı bildirib ki kredit götürənlər yalnız faiz göstəricilərinə deyil, həm də hesablanma üsuluna diqqət etməlidirlər:
“Burada müqavilə mətninə diqqət yetirmək vacibdir. Əgər müqavilədə illik faiz qeyd olunubsa və vətəndaş krediti vaxtından əvvəl ödəyirsə, o zaman faiz aylar üzrə hesablanacaq. Xarici təcrübədə bəzən faiz günlər üzrə hesablanır və bu da borcalan üçün daha sərfəlidir. Məsələn, əgər kredit yalnız 5 gün istifadə olunubsa, müştəri yalnız həmin dövrün faizini ödəyir. Amma aylarla hesablanma üsulu tətbiq olunarsa, bu zaman ayın yalnız bir neçə günü keçsə də, bank bütöv ayın faizini tələb edə bilər. Bu isə əlavə xərc deməkdir”.