Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) alınan 190 min manatlıq qızılı qaçaqmalçılıq yolu Azərbaycana gətirməkdə təqsirləndirilən Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovun cinayət işi məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən hər üç şəxs barəsində şərti cəza verilib, sınaq müddəti seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, yayılan rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.