Müasir beynəlxalq münasibətlər sistemində artan qeyri-müəyyənlik və qlobal çağırışlar fonunda beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətinin yenidən nəzərdən keçirilməsi aktuallaşıb. Bu baxımdan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Astana Beynəlxalq Forumunun plenar sessiyasında səsləndirdiyi fikirlər dünya ictimaiyyətinin diqqətini cəlb edib. Prezident Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına və daha geniş ölkə təmsilçiliyinin təmin olunmasına çağıraraq, təşkilatın legitimliyini və funksionallığını qorumaq üçün struktur dəyişikliyinin vacibliyini vurğulayıb.
Dövlət başçısının fikrincə, bəşəriyyətin taleyinə birbaşa təsir edən kritik qərarların cəmi beş daimi üzv tərəfindən qəbul edilməsi nə ədalətli, nə də effektiv idarəetməni təmin edir. Tokayev bildirib ki, Təhlükəsizlik Şurasının indiki tərkibi və strukturu 80 il əvvəl – BMT-nin 1945-ci ildə yaradıldığı dövrə uyğun olsa da, bu gün 193 üzv dövləti təmsil edən daha mürəkkəb və qarşılıqlı asılı dünyanı əks etdirmir. O, bu təzadın BMT-yə olan inamı zəiflədə biləcəyini xüsusi qeyd edib.
Tokayevin çağırışı həm beynəlxalq hüququn gücləndirilməsi, həm də inkişaf etməkdə olan ölkələrin səsinin qlobal qərar qəbuletmədə eşidilməsi baxımından ciddi siyasi və diplomatik əhəmiyyət daşıyır. Onun çıxışı, BMT-nin daha ədalətli və inklüziv beynəlxalq nizam üçün islahatlara ehtiyac duyduğunu göstərən mühüm siqnal kimi dəyərləndirilə bilər.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildrib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və daha çox ölkənin təmsil olunması ilə bağlı çağırışı müasir geosiyasi reallıqlara uyğunlaşma ehtiyacını əks etdirən əhəmiyyətli bir təşəbbüsdür:
“Tokayevin qeyd etdiyi kimi, milyardlarla insanın taleyini müəyyənləşdirən qərarların yalnız beş daimi üzv (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) tərəfindən qəbul edilməsi, qlobal idarəetmədə ədalətlilik və inklüzivlik prinsiplərinə ziddir. Bu mövqe beynəlxalq sistemin İkinci Dünya Müharibəsindən sonrakı düzənə əsaslanan strukturunun artıq müasir dünyanın çoxqütblü və mürəkkəb xarakterinə cavab vermədiyini vurğulayır. Təhlükəsizlik Şurasının hazırkı formatı, xüsusilə veto hüququ qərar qəbulu prosesini çətinləşdirir və bəzən böhranların həllini iflic vəziyyətinə gətirib çıxarır”.
Politoloqun fikrincə Tokayevin çağırışı Afrika, Latın Amerikası və Asiya kimi regionların daha geniş təmsilçiliyini təmin etmək məqsədi daşıyır ki, bu da qlobal təhlükəsizlik məsələlərində daha ədalətli və tarazlaşdırılmış yanaşma yarada bilər:
“Bununla belə, islahatların həyata keçirilməsi geosiyasi vəziyyətin mürəkkəbliyi səbəbindən olduqca çətindir. Daimi üzvlər, xüsusilə veto hüquqlarını itirmək istəməyən ölkələr öz imtiyazlarını qorumağa çalışacaqlar. Məsələn, ABŞ və Rusiya kimi güclər Şuranın strukturunda dəyişikliklərin onların qlobal təsirini zəiflədə biləcəyindən ehtiyatlanırlar. Çin də yeni daimi üzvlərin əlavə edilməsinə ehtiyatla yanaşır, çünki bu, Asiyadakı rəqiblərinin mövqelərini gücləndirə bilər. Hindistan, Braziliya, Yaponiya və Almaniya kimi ölkələr uzun müddətdir daimi üzvlük iddiası ilə çıxış etsələr də bu prosesdə regional rəqabətlər və konsensusun olmaması ciddi maneələr yaradır. Mövcud geosiyasi gərginliklər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin rəqabəti və regional böhranlar, islahatlar üçün əlverişli mühitin formalaşmasını çətinləşdirir. Təhlükəsizlik Şurasının qərar qəbulu mexanizmi, hazırkı vəziyyətdə, böyük güclər arasında qütbləşməni əks etdirir və bu, islahatlar üçün qlobal konsensusun əldə edilməsini demək olar ki, qeyri-mümkün edir. Lakin Tokayevin təklifi, xüsusilə kiçik və orta ölçülü dövlətlər arasında geniş dəstək qazana bilər, çünki bu ölkələr qlobal idarəetmədə daha çox söz sahibi olmaq istəyirlər”.
T. İsmayılovun sözlərinə görə, Qazaxıstanın özünün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi 2017-2018-ci illərdəki təcrübəsi onun bu məsələdə aktiv mövqe tutmasını əsaslandırır:
“İslahatların reallığı qısamüddətli perspektivdə çətin görünsə də, uzunmüddətli dövrdə tədricən dəyişikliklər mümkündür. Məsələn, qeyri-daimi üzvlərin sayının artırılması və ya veto hüququnun məhdudlaşdırılması kimi ara mərhələ təklifləri müzakirə oluna bilər. Tokayevin çağırışı qlobal idarəetmədə daha demokratik və inklüziv bir sistemə ehtiyac olduğunu vurğulayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir. Qazaxıstanın neytral və çoxvektorlu xarici siyasəti bu təşəbbüsün müxtəlif regionlar tərəfindən dəstəklənmə şansını artıra bilər. Nəticə etibarilə, Tokayevin bu çağırışı BMT-nin müasir çağırışlara uyğunlaşması üçün mühüm bir addımdır, lakin onun həyata keçirilməsi üçün böyük güclərin siyasi iradəsi və qlobal konsensus zəruridir”.