"Naxçıvanda iş gözləməkdən nəinki işçilərin, hətta texnikaların da gözlərinin kökü "saralır"... Özləri də həmçinin..." "DİA-AZ" xəbər verir ki, bu paylaşımla çıxış edən tanınmış jurnalist Heydər Oğuz foto təqdim edərək daha sonra aşağıdakı fikirləri yazıb:
"Bu, Naxçıvan şəhər Təmir Tikinti İdarəsinin həyətinin kosmosdan çəkilmiş fotosudur. Həyətdən həm də avto-park kimi istifadə olunurmuş. Ona görə olunurmuş deyirik ki, artıq elə bir idarə mövcud deyil. “Canişin” həzrətləri (zəruri qeyd: Fuad Nəcəfli nəzərdə tutulur -red.) Naxçıvanda fəaliyyətə başlayandan dərhal sonra idarə tamamilə ləğv olundu.
O gündən bu günə yiyəsiz qalan təmir tikinti idarəsinin işçiləri işsizlər ordusuna qatıldı, texnikaları isə günəşin altında çürüməyə məhkum edildi. Üstəlik, Naxçıvanın digər rayonlarında eyni idarələr var və oralarda da eyni vəziyyət hökm sürür. İddialara inansaq, Muxtar Respublikanın təmir-tikinti idarələrində ümumilikdə 3 milyon manatdan çox texnikalar ağzı günə qalıb yeni sahiblərini gözləyir. Və gözləyə-gözləyə paslanıb çürüyür.
Azərbaycan xalqının intəhasız gözləməklə bağlı məşhur bir deyimi var: “gözümün kökü saraldı”. Təmir tikinti idarələrində paslanaraq saralan təkcə o texnikaların gözü deyil. Özləri də günbəgün "saralır"..."