![Kreml dostunu düşmənə çevirir Kreml dostunu düşmənə çevirir](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739277693_0001.jpg)
Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulması, nəticədə qəzaya uğraması Bakı-Moskva münasibətlərində gərginlik yaratdı və bu gərginlik hazırda pik həddədir. Təyyarə insidenti ilə bağlı Azərbaycan tərəfi Rusiya qarşısında üç şərt qoyub: təyyarənin vurulmasına görə üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi. Rusiya tərəfi isə hər vəchlə təyyarənin raketlə vurulmasını boynuna götürmür, eyni zamanda, Bakının tələblərindən ikisini – günahkarların cəzalandırılmasını və kompensasiya tələbini yerinə yetirmir. Əvəzində Rusiyada rəsmi və qeyri-rəsmi şəxslərin dilindən anti-Azərbaycan təbliğatı aparılır, ölkəmizə təhdidlər yağdırılır.
Son olaraq isə Rusiya klassik “miqrant kartı”nı ortaya atıb. Belə ki, Rusiya Dövlət Dumasında azərbaycanlıların Rusiyadan qovulması çağırışları səsləndirilməkdədir. Hər zaman ermənipərəst mövqeyi ilə seçilən deputat Konstantin Zatulin bildirib ki, “Rusiya Azərbaycanla bağlı ciddi tədbirlər görməlidir”. Dünən Azərbaycana girişinə rəsmi qadağa qoyulan, “arzuolunmaz şəxs” elan edilən Rusiya Federal Məclisi Dövlət Dumasının Turizm komitəsi sədrinin birinci müavini Nikolay Valuyev isə Azərbaycanı və azərbaycanlıları təhqir edib, eyni zamanda, azərbaycanlı miqrantlarla yanaşı Rusiya vətəndaşı olan azərbaycanlı şəxslərin ölkədən deportasiyasına, azərbaycanlı iş adamlarının şirkətlərinin bağlanmasına çağırış edib.
Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov deyib ki, Rusiya baş vermiş faciəvi təyyarə qəzasından sonra obyektiv gerçəkliyə söykənməyən, iki ölkə münasibətlərinin ruhuna uyğun olmayan davranışlar sərgiləyir:
- Azərbaycanın sərnişin təyyarəsi Rusiyanın hava məkanında vurulub - bu, faktdır. Bu halda hansı davranışın nümayiş etdirilməsi müxtəlif beynəlxalq qanun və konvensiyalarda əksini tapıb. Moskvada bunu gözəl bilirlər, çünki Rusiya da beynəlxalq aviasiya üzrə vahid təşkilatın üzvüdür. Amma təəssüf ki, Rusiyanın məsuliyyətdən yayınmaq cəhdləri münasibətlərdə gərginlik yaradır. Moskva öhdəliklərini yerinə yetirmir, əvəzində Rusiya Parlamentində, telekanallarında, yazılı mediasında ölkəmiz əleyhinə kampaniya başladılır, təhqirlər səsləndirilir, çağırışlar edilir.
İndi isə Rusiya “miqrant kartı”ndan istifadə məsələsini ortaya atıb, azərbaycanlıların deportasiyasından danışılır. Hətta təkcə qeyri-qanuni miqrantların deyil, Rusiya vətəndaşı olan azərbaycanlıların da qovulması təklif edilir, azərbaycanlı olan, amma Rusiya vətəndaşı olan şəxslərin biznes obyektlərinin bağlanmasından danışılır. Bu, gülməli və olduqca anormal yanaşmadır. Hesab edirəm ki, Rusiyadakı ağıllı adamlar, rəsmilər düşünməlidirlər ki, münasibətlərin korlanması, miqrantların qovulması kimə daha çox ziyan gətirəcək. Əlbəttə, ilk növbədə Rusiyanın özü bundan əziyyət çəkəcək.
- Sizcə, orada belə ağıllı adamlar varmı və varsa, onlar siz dediyiniz kimi, aidiyyəti qurumlara deyəcəklərmi ki, Azərbaycanla münasibətlərin pozulması Moskvanın özünün ziyanınadır?
- Əlbəttə, Rusiya siyasi elitasında ağıllı adamlar var və onlar münasibətlərin korlanmasının Rusiyanın özünə daha çox ziyan gətirdiyinin fərqindədirlər. Eyni zamanda, onlar miqrantlara qarşı addımların, azərbaycanlılara qarşı təzyiqlərin də Rusiyanın özünə zərbə vurduğunu anlayırlar. Məncə, onlar susmamalıdırlar və səslərini çıxarmalıdırlar. Həmin ağıllı adamlar susduqca, ortaya Valuyev, Zatulin kimi şəxslər çıxır və iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan, gərginliyi daha da artıran çağırışlar edirlər, təkliflər səsləndirirlər. Bu şəxslər anlamalıdırlar ki, Rusiya qazının Azərbaycan vasitəsilə çıxışı var, nəqliyyat dəhlizlərindən istifadə edilir. Azərbaycan bu xətləri bağlasa, Rusiya üçün necə olacaq?
Məncə, hədə-qorxu siyasəti yeritməkdənsə, oturub düşünməlidirlər. Rusiya siyasətini müəyyənləşdirən mərkəzlər bir çox məsələləri nəzərdən keçirməlidirlər. Əlbəttə, o mərkəzlər hər şeyi anlayırlar. Sadəcə onların reallıqdan çıxış etməsinə mane olan rus şovnizmi təfəkkürüdür. Nəzərə almaq lazımdır ki, Rusiya siyasətinin paradiqmasını təyin edən rus şovinizmidir. Bu, nə qədər faydalıdır? Rusiyanın maraqları baxımından, çox faydasız yanaşmadır.
- Miqrantlarla bağlı çağırışların reallaşması nə qədər mümkündür və demək olarmı ki, Rusiya ənənəvi “miqrant kartı”nı işə salıb?
- Rusiya miqrasiya ilə bağlı qanunları sərtləşdirib və bu, təkcə azərbaycanlılarla bağlı məsələ deyil, digər dövlətlərdən Rusiyada işləyən, yaşayan miqrantlara da aiddir. Münasibətlər gərgin olduğu üçün azərbaycanlılara təzyiqlərin daha çox olduğu aydındır. Qeyri-qanuni miqrantların Rusiyadan deportasiyasının həyata keçirilməsi təbii ki, mümkündür. Amma məsələnin digər tərəfi də var. Məsələn, Valuyev kimi şəxslər təkcə azərbaycanlı miqrantların deportasiyasını yox, həm də Rusiya vətəndaşları olan azərbaycanlıların qovulmasını təklif edirlər. Təxminən bir milyona yaxın Rusiya vətəndaşı olan azərbaycanlı var. 500 minə yaxın da miqrant var. Yaxşı, miqrantların çıxarılmasını başa düşdük, hüquqi baxımdan onların statusu fərqlidir. Bəs Rusiya vətəndaşı olan azərbaycanlılar məsələsi? Valuyevin adını çəkdiyi iş adamları olan azərbaycanlılar Rusiya vətəndaşlarıdır. Belə çıxır ki, münasibətlərdə gərginlik yaranan kimi, Rusiya öz vətəndaşı olan azərbaycanlıları buna qurban verir? Bununla axı Rusiya dövlət olaraq öz vətəndaşlarının gözündən düşür.
Bununla, həmçinin Rusiya dünyaya göstərir ki, hüquqi dövlət deyil. Sabah narazı qalarsa, bu addımı tatar olan Rusiya vətəndaşlarına qarşı da atacaq, başqa gün başqa millətdən olan vətəndaşlara qarşı atacaq. O zaman Rusiyada kim qalacaq? Eyni zamanda, bu çağırışı edənlər anlamalıdırlar ki, Rusiya daxili bazarı, əmək bazarı miqrantların çiynindədir. Rusiya iqtisadiyyatında azərbaycanlı iş adamları önəmli rol oynayırlar. Bu baxımdan, məsələ Rusiyanın özünə ziyan vuracaq.