Rusiya ilə İran arasında imzalanan strateti tərəfdaşlıq haqqında sazişin mətnindəki bəndlər məlumun elanıdır. Bu, iki dövlət arasındakı tərəfdaşlığı indikindən daha üst səviyyəyə qaldıracaq sənəd deyil. Saziş hərbi ittifaqın formalaşmasını da ehtiva etmir. Misal üçün Rusiyanın Şimali Koreya ilə imzaladığı strateji tərəfdaşlıq sazişi İranla imzalanan sazişdən daha qüvvətlidir. Şimali Koreya imzalanan sazişə görə, Rusiyaya Ukrayna müharibəsində hərbçilərini göndərib. İran isə öz hərbçilərini Rusiya-Ukrayna savaşın göndərməyi planlaşdırmır. Sazişdən əvvəl Rusiya Prezidenti Vladimir Putinin Kremldə iranlı həmkarı Məsud Pezeşkianı bir saat gözlətməsi də tərəfdaşlığın “mahiyyətindən” xəbər verir. Bəşər Əsəd rejimi Kreml üçün İranla tərəfdaşlıqdan daha əhəmiyyətli idi. Ancaq Kreml son anda Bəşər Əsədin hakimiyyətini qorumaqdan imtina etdi, müxalif qüvvələrlə savaşmaq istəmədi. Eyni ilə bir gün İranı da hansısa xarici təhlükə gözləsə, Rusiya cənub qonşusuna görə ABŞ və ya İsraillə savaşmaq istəməyəcək.